CƏMİYYƏT
Dövlət Məşğulluq Xidməti paytaxtda səyyar əmək birjaları təşkil edir
Bakı, 26 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən məşğulluq xidmətlərinin əhaliyə daha yaxın olması məqsədilə Bakı şəhərinin rayonlarında səyyar formada əmək birjaları təşkil olunur.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, səyyar əmək birjası müvafiq texniki avadanlıqlarla təmin edilmiş nəqliyyat vasitəsilə təşkil edilir. Müəyyən olunmuş günlərdə paytaxtın ayrı-ayrı ərazilərində fəaliyyət göstərən səyyar əmək birjalarına müraciət edən yerli işaxtaran vətəndaşlar müəssisələrdəki boş (vakant) iş yerləri, habelə müvəqqəti xarakterli işlər barədə məlumatlandırılırlar. Vətəndaşlara işləmək istədikləri və əmək qabiliyyətlərinə uyğun boş iş yerlərinə yerindəcə göndərişlər verilir, lazımi hallarda onlar digər aktiv məşğulluq tədbirlərinə cəlb olunmaq üçün qeydiyyata alınırlar.
Cari ilin əvvəlindən Bakı şəhərinin müxtəlif yerlərində işsiz və işaxtaran vətəndaşlar üçün artıq 7 səyyar əmək birjası təşkil olunub və nəticədə 100 nəfərə yaxın şəxsə boş iş yerlərinə göndərişlər verilib, 43 nəfər peşə hazırlığına cəlb edilmək üçün qeydiyyata götürülüb. Növbəti belə tədbir sabah, 27 fevral tarixində Binəqədi rayon ərazisində (7-ci m.rayon, S.S.Axundov küç. İnqilab kinoteatrının yaxınlığı) keçiriləcək. Səyyar əmək birjasında işaxtaran şəxslərə rayon məşğulluq mərkəzinin bazasında olan, fəhlə və qulluqçu peşələri üzrə 770-dən çox boş iş yeri təklif olunacaq. Bu tədbirlərin mütəmadi olaraq bütün ilboyu davam etdirilməsi nəzərdə tutulur.