CƏMİYYƏT


Dövlət Miqrasiya Xidməti ölkəmizdə vətəndaşsızlıq halları ilə mübarizə sahəsində ciddi işlər görür

A+ A

Bakı, 27 oktyabr, AZƏRTAC

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio De Angelislə görüşüb.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə Firudin Nəbiyev BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi ilə bu yaxınlarda Cenevrədə keçirdiyi görüş barədə ətraflı söhbət açıb. BMT-nin qaçqınlar üzrə ali komissarının dəvəti əsasında BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İcraiyyə Komitəsinin 67-ci sessiyasında Azərbaycan nümayəndə heyətinin fəal iştirakının ali komissar tərəfindən yüksək qiymətləndirilməsi qeyd olunub.

Xidmət rəisi qaçqın statusunun müəyyənləşdirilməsi prosedurlarında beynəlxalq təcrübənin tətbiq olunmasında DMX-nın maraqlı olduğunu söyləyib. Həmçinin vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması və bu şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi zamanı yaranan problemlərin, o cümlədən onların hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsi məqsədilə Azərbaycanın qoşulduğu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyası çərçivəsində görülən işlərlə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, Dövlət Miqrasiya Xidməti Azərbaycanın vətəndaşsızlıq halları ilə mübarizə sahəsində ölkəmizin tərəfdar çıxdığı beynəlxalq konvensiyaların tələbləri istiqamətində ciddi işlər görməkdədir.

Furio De Angelis vətəndaşlığı olmayan şəxslərin sayı ilə bağlı dəqiq rəqəmlər əldə etməyə yönələn metodologiyanın hazırlanması üçün BMT-nin digər qurumları ilə əməkdaşlıq təklif edib. Dövlət Miqrasiya Xidməti tərəfindən keçirilən “Açıq qapı günü” tədbirlərində BMT QAK əməkdaşlarının da iştirakı ilə bağlı təşəbbüs maraqla qarşılanıb.

Görüşdə sığınacaq məsələləri üzrə qanunvericilik bazasının inkişaf etdirilməsi, əsasən də əlavə himayə formasının tətbiqi istiqamətində görülən işlər müzakirə edilib.

Sonra qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.