CƏMİYYƏT
Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiya faktları aşkar edib
Bakı, 8 iyul, AZƏRTAC
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zaman ölkə ərazisində qanunsuz yaşayan 9 Hindistan, 1 Banqladeş və 1 Nigeriya vətəndaşı saxlanılıb.
DMX-nin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumata görə, araşdırma zamanı məlum olub ki, Hindistan vətəndaşları Marimuthu Sureş, Murugeşan Jayanal, Murugeşan Vignes, Manikandar Mathivazagan, Elayaraja Radhakrişna, Vallyakalam Sebastian, Puthenpuraparmbu Majeed, Philip Rony, Çerian Suniş ölkəyə “ASAN Viza” sistemi vasitəsilə verilmiş elektron viza ilə gəliblər. Qeyd edilən əcnəbilərin Şri-Lanka vətəndaşı Sahul Hameeduge Sanoordeen tərəfindən Azərbaycanda müvafiq yaşama icazələrinin alınması vədi ilə aldadılaraq gətirildiyi müəyyənləşdirilib.
Bundan başqa, adıçəkilən Hindistan vətəndaşlarının və Nigeriya vətəndaşı Axabue Vilfred Ehikioyanın qeydiyyatsız olaraq yaşadıqları “Sport Baku Hostel”in inzibatçısı Elnur Məmmədov tərəfindən onlara təhsil pərdəsi altında müvəqqəti yaşama icazələrinin alınmasına dair vədlər verildiyi və həmin şəxslərin qanunsuz olaraq ölkə ərazisində qalmalarına şərait yarıdıldığı məlum olub.
Eyni zamanda, “Sport Baku Hostel”də saxlanılmış Banqladeş vətəndaşı 1988-ci il 1 avqust təvəllüdlü Şava Buhiyanın əvvəllər ölkə ərazisindən kənara inzibati qaydada çıxarıldığı, bilərəkdən pasport məlumatlarını dəyişərək 1988-ci il 10 avqust təvəllüdlü Nur Mohammad kimi Azərbaycan Respublikasına yenidən daxil olduğu aşkarlanıb.
Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.