CƏMİYYƏT


Dövlət Miqrasiya Xidməti vətəndaşsızlıq hallarının aradan qaldırılması sahəsində müvafiq işlər görür

Bakı, 24 may, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Göyçay rayon təşkilatının inzibati binasında Ağsu regional miqrasiya idarəsi tərəfindən “Vətəndaşsızlıq hallarının aradan qaldırılması” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Dövlət Miqrasiya Xidmətindən (DMX) AZƏRTAC-a bildiriblər ki, tədbirdə rayonun inzibati ərazi nümayəndələri və bələdiyyə üzvləri, təhsil işçiləri və ictimaiyyət təmsilçiləri, əcnəbi və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.

Görüşdə qeyd edilib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurlarının təzahürü kimi Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları - sərbəst hərəkət etməsi və yaşayış yeri seçməsi, təhsil alması, əmək fəaliyyəti ilə məşğul olması, səhmdar və sahibkar kimi fəaliyyət göstərməsi, şəxsi toxunulmazlığı, mənzil toxunulmazlığı, istirahət etməsi, sağlamlığının qorunması, vicdan azadlığı tam təmin olunur.

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin 10 illik fəaliyyətindən, qarşıda duran vəzifələrdən, vətəndaşsızlıq hallarının aradan qaldırılması sahəsində görülən işlərdən bəhs olunub. Qeyd edilib ki, Azərbaycan Prezidentinin 2008-ci il 6 mart tarixli Fərmanına müvafiq olaraq, DMX-nin vətəndaşlıq məsələlərində iştirakı təmin olunub. Həmin dövrdən etibarən Xidmət tərəfindən Azərbaycan vətəndaşlığına qəbul, bərpa, xitam, habelə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı şəxslərdən və müxtəlif təşkilatlardan daxil olmuş sorğuların araşdırılmasına başlanılıb.

Məlumat verilib ki, vətəndaşsızlıq halları ilə mübarizə, həmçinin belə şəxslərin hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyasına qoşulub. Dövlət Miqrasiya Xidməti vətəndaşsızlıq hallarının aradan qaldırılması sahəsində məlumatlılığın artırılması və bu şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ölkənin bütün regionları üzrə müvafiq işlər görür.

Tədbirdə vətəndaşlıq haqqında Qanunun tələbləri, vətəndaşlığın itirilməsi halları, vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı prosedurları barədə də izahedici söhbət aparılıb.

Sonda vətəndaşlıq məsələləri və olduğu yer üzrə qeydiyyatla bağlı iştirakçıları maraqlandıran suallar qanunverciliyə uyğun olaraq cavablandırılıb.

Həmin gün Göyçayda DMX tərəfindən səyyar xidmət də təşkil edilib. Müraciət edənlərə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti yaşama icazəsinin verilməsi ilə bağlı tələb edilən sənədlərin siyahısı verilib. Eyni zamanda, əcnəbilərə müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələri təqdim edilib.

Göyçay rayon rəhbərliyi və tədbir iştirakçıları Dövlət Miqrasiya Xidməti tərəfindən belə bir maarifləndirmə tədbirinin təşkilini təqdirəlayiq hal kimi qiymətləndirib və minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.