CƏMİYYƏT
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvlüyünə seçki keçirilib
Bakı, 22 may, AZƏRTAC
“İctimai iştirakçılıq haqqında” Qanuna və onun tətbiqi barədə Azərbaycan Prezidentinin 2014-cü il 16 yanvar tarixli Fərmanına, həmçinin Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli Qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şura üzvlüyünə seçki keçirilib.
DMX-nin mətbuat xidmətindən AZƏRTAC-da bildiriblər ki, Xidmətin inzibati binasında keçirilən seçkidə vətəndaş cəmiyyəti institutlarının 36 nümayəndəsi seçici qismində iştirak edib. Seçki prosesinin sonunda müvafiq qaydada möhürlənmiş seçki qutusu açılıb və səslər Komissiya üzvlərinin iştirakı ilə və müşahidəçilərin nəzarəti altında hesablanıb.
Səsvermənin nəticəsinə görə, seçicilər tərəfindən namizədlərdən Allahverənov Azər Kərim oğluna 25, Bağırov Kənan Sabir oğluna 29, Dadaşova Şərqiyə Ənvər qızına 13, Əmirhüseynova Mahirə İmanqulu qızına 15, Kətanov Məmməd Teymur oğluna 27, Məmmədova Kəmalə Natiq qızına 23, Məmmədov Sahib Məlik oğluna 28 və Pənahova Natəvan Məmməd qızına 9 səs verilib.
Beləliklə, səsvermədə iştirak edənlərin yarıdan çoxunun səsini toplamış Azər Allahverənov (“Həyat” Beynəlxalq Humanitar Təşkilatının sədri), Kənan Bağırov (Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi və Liderlik Məktəbinin baş məsləhətçi), Məmməd Kətanov (Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Miqrasiya şöbəsinin müdiri), Kəmalə Məmmədova (“Qadın və Uşaq Problemlərinin Araşdırılması” İctimai Birliyinin sədri) və Sahib Məmmədov (Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası təşkilatının icraiyyə komitəsinin sədri) Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri seçiliblər.
İctimai Şura 20 gün müddətində ilk iclasını keçirməklə fəaliyyətə başlayacaq.