İQTİSADİYYAT
Dövlət Neft Şirkəti: kadr seçiminin obyektivliyi və şəffaflığı təmin olunur
Oktyabrın 22-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) insan resurslarının idarə edilməsi sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi, kadr siyasəti, bu məqsədlə yaradılmış insan resurslar departamentinin fəaliyyətindən danışıb, kadr seçiminin obyektiv və şəffaf aparıldığını diqqətə çatdırıb. Həmçinin bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Təqdimatla çıxış edən insan resursları departamentinin rəisi Asif Bəkirli bildirib ki, hazırda departamentin qarşısında duran əsas vəzifə vakant iş yerlərinə savadlı, səriştəli və peşəkar kadrların seçilməsi, bu prosesin ədalətli və şəffaf keçirilməsidir. Bu məqsədlə ARDNŞ-in insan resurslarının səmərəli idarə edilməsi, o cümlədən kadrların seçilməsi, hazırlanması, işə qəbulu, karyera yüksəlişinin planlaşdırılması, peşəkarlıq səviyyəsinin artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib, müvafiq standartlar və daxili normativ sənədlər qəbul olunub.
Bildirilib ki, son bir ildə ARDNŞ-in idarə və müəssisələrinə 3 min 433 nəfər işə qəbul olunub. İşçilərin yerdəyişməsi ilə bağlı isə son bir ildə 31 min 630 əməliyyat icra edilib. Həmin dövrdə 104 nəfərin yerdəyişmə əməliyyatı qanunvericiliyə zidd olduğu üçün pozuntu kimi qiymətləndirilib.
Müşavirədə çıxış edən kadr siyasəti çərçivəsində çoxsaylı işlərin görülməsinə baxmayaraq, insan resurslarının idarə edilməsi ilə bağlı proseslərin daim təkmilləşdirilməsinə ehtiyac olduğunu bildiriblər.
Sonda mövcud problemlərin aradan qaldırılması yolları müzakirə edilib, təkliflər dinlənilib.