CƏMİYYƏT
Dövlət Sərhəd Xidməti hərbi tibb sahəsində İspaniya ilə əməkdaşlıqda maraqlıdır
Navarra, 6 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının rəisi, tibb xidməti polkovnik-leytenantı Kənan Yusifzadə İspaniyada səfərdədir.
Səfər çərçivəsində K.Yusifzadə Navarra vilayətinin vitse-prezidenti Manu Ayerdi Olaizola ilə görüşüb. Görüşdə bu ilin aprelində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində düşmənin hərbi təxribatlarına layiqincə cavab verən Ordumuzun bir neçə mühüm strateji məntəqəni azad etdiyi diqqətə çatdırılıb. Hərbi əməliyyatlar zamanı yaralananların müalicəsinin uğurla aparıldığı qeyd olunub.
Navarra Universitet Klinikasının rəhbərliyi ilə görüşdən və əməkdaşlığın perspektivlərindən danışan K.Yusifzadə qeyd edib ki, DSX səhiyyə sahəsində İspaniya ilə əməkdaşlığın qurulmasında və təcrübə mübadiləsində maraqlıdır.
M.A.Olaizola Azərbaycan ilə əməkdaşlığın yalnız səhiyyə sahəsi ilə məhdudlaşmayaraq daha geniş istiqamətləri əhatə edəcəyinə ümidvar olduğunu söyləyib. O, bunun üçün əlindən gələni əsirgəməyəcəyinə söz verib.
Görüşlərdə İspaniya-Azərbaycan Ticarət və Mədəniyyət Assosiasiyasının prezidenti Fərid Mustafayev da iştirak edib.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Navarra