CƏMİYYƏT
Dövlət Sərhəd Xidmətində 2016-cı ilin yekunları müzakirə olunub VİDEO
Bakı, 23 dekabr, AZƏRTAC
Dekabrın 23-də Dövlət Sərhəd Xidmətinin (DSX) 2016-cı ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib.
DSX-nın mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə hesabat məruzəsi ilə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev hərbi hissə və struktur qurumların xidməti fəaliyyətini yüksək qiymətləndirib, 2017-ci ildə xidmət qarşısında duran əsas vəzifə və tapşırıqları qeyd edib.
Bildirilib ki, Azərbaycan Sərhəd Mühafizəsi üçün 2016-cı il döyüş hazırlığının daha yüksək səviyyədə təmin edilməsi, dövlət sərhədinin toxunulmazlığının təminatı tədbirlərinin ardıcıl davamı, dövlət sərhədinin əməliyyat və texniki yolla mühafizəsinin gücləndirilməsi, beynəlxalq sərhəd əməkdaşlığının genişləndirilməsi ilə əlamətdar olub. Dövlət sərhədlərinin mühafizəsinin təşkilində uğurların əldə olunması ulu öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin əzmlə gerçəkləşdirilməsi, dövlət sərhədlərinin toxunulmazlığının təminatı məsələlərinə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali diqqəti nəticəsində mümkün olub.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iyunun 13-də DSX Sahil Mühafizəsinin gəmi inşası zavodunda tikintisi yekunlaşmış “Tufan” tipli sərhəd gözətçi gəmisi və yeni istifadəyə verilən itisürətli qayıqlarla tanış olması, dəniz sərhədlərinin və neft-qaz infrastrukturunun mühafizəsi üzrə mühüm tapşırıqlar verməsi, avqustun 10-da Şəki sərhəd dəstəsinin “Laza” sərhəd zastavasına baxış keçirməsi, DSX-nin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların təkmilləşdirilməsi üzrə qərarlar verməsi, DSX Akademiyasının Nizamnaməsini təsdiq etməsi, DSX-nin komandanlığını növbəti ali hərbi rütbələrə layiq bilməsi, Xidmət əməkdaşlarını 5 orden, 50 medal və 2 fəxri ad ilə təltif etməsi bütün şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.
Bildirilib ki, 2016-cı ildə Dövlət Sərhəd Xidməti tərəfindən bir sıra nailiyyətlər əldə olunub. Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan, 1 əcnəbi vətəndaş, məxfi əməkdaşlığa cəlb olunmuş 4 Azərbaycan vətəndaşı müəyyən edilib. Xaricdə münaqişə zonalarında döyüşmüş 8 Azərbaycan vətəndaşı saxlanılıb. Habelə qanunsuz miqrasiya ilə məşğul olan 6 qrup, qaçaqmalçılıq, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib. Sərhəd rejimini pozduqlarına görə 13 min 248 nəfər, axtarışda olan 4590 nəfər, dövlət sərhədini pozduqlarına görə 503 nəfər saxlanılıb. Bundan başqa, 49 milyon 319 min manat dəyərində qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Bu göstərici ötən illə müqayisədə 8,3 dəfə çoxdur. Hesabat dövründə keçən illə müqayisədə 7,2 dəfə çox - 1 ton 189 kiloqram 997,7 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb. Ötən il bu göstərici 165 kiloqram 185 qram təşkil edib.
Qeyd olunub ki, DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin sualtı mühafizə imkanları gücləndirilib, üç yeni gəmi dəniz kampaniyasına qəbul olunub. Oktyabrda genişmiqyaslı döyüş atışlı taktiki dəniz sərhəd təlimləri keçirilib. Azərbaycanın dəniz təlimləri tarixində ilk dəfə olaraq, gəmi silahlarının gecə və gündüz şəraitində atışları zamanı bütün təlim tapşırıqları yüksək səviyyədə icra olunub və şəxsi heyət tərəfindən böyük döyüş məharəti nümayiş etdirilib. May ayında “Ağgöl” səhra təlim mərkəzində 150-dək zirehli texnikanın, 8 helikopterin və 1100 nəfərdən çox şəxsi heyətin cəlb olunduğu genişmiqyaslı taktiki səhra təlimi uğurla keçirilib. Dövlət sərhədindən buraxılış məntəqələrində xidməti fəaliyyət ən yüksək tələblər səviy¬yəsində təşkil olunub. Xüsusən də yay aylarında ölkəmizə böyük turist axını zamanı əcnəbilərin ölkəyə gəlmə və ölkədən getmə prosesləri daha təkmil səviyyədə tənzimlənib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə bu istiqamətdə qarşılıqlı faydalı əməkdaşlıq təşkil olunub.
Diqqətə çatdırılıb ki, müqabil ölkələrin sərhəd mühafizə qurumları ilə qarşılıqlı əməkdaşlıq formatları genişləndirilib. DSX-nin təşəbbüsü ilə 2016-cı ilin martında Bakıda Azərbaycan-Rusiya-İran sərhəd qurumları rəhbərlərinin üçtərəfli görüşü keçirilib. Dövlət sərhədlərinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri uğurla davam etdirilib. Bu baxımdan 134 binadan ibarət tikinti komplekslərinin əsaslı təmir-tikintisi, 424 xidməti mənzilin inşası həyata keçirilib.
DSX-nin hərbi qulluqçuları üçün Bakıda inşa olunmuş 624 mənzildən ibarət yaşayış şəhərciyi güzəştli ipoteka şərtləri əsasında şəxsi heyətin xüsusi mülkiyyətinə verilib. DSX-nin hərbi hissələrində, sərhəd bölmələrində “Valideyn günləri”nin keçirilməsi təcrübəsi uğurla davam etdirilib. Belə ki, hesabat dövründə bu cür 86 görüş keçirilib.