CƏMİYYƏT
Dövlət Sərhəd Xidmətində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir VİDEO
Bakı, 7 may (AZƏRTAC). Mayın 6-da Dövlət Sərhəd Xidmətinin (DSX) aparatında müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş elmi-praktiki konfrans keçirilmişdir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, konfransda müdrik siyasəti, dönməz əqidəsi və uzaqgörənliyi sayəsində azərbaycançılıq ideyasının gerçəkləşdirilməsi, müasir Azərbaycan dövlətinin formalaşdırılması və xalqımızın müstəqillik arzusuna çatması istiqamətində dahi öndər Heydər Əliyevin tarixi xidmətləri geniş işıqlandırılmış, milli dövlətçiliyin məhvinə yönələn bütün qəsdlərin qarşısının qətiyyətlə alınması üçün taleyüklü qərarlarının əhəmiyyəti xüsusi qeyd olunmuşdur.
Konfransda Milli Məclisin deputatları Aydın Mirzəzadənin “Heydər Əliyev şəxsiyyəti Azərbaycan dövlətçiliyinin parlaq simvoludur”, Musa Qasımlının “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti”, DSX rəisinin şəxsi heyət üzrə müavini, general-mayor Azad Ələkbərovun “Heydər Əliyev milli sərhəd mühafizəsi strategiyasının banisidir” mövzularında məruzələri dinlənilmişdir.
Çıxışlarda ulu öndər Heydər Əliyevin Azərbaycan sərhəd mühafizəsinin formalaşdırılması və inkişafındakı müstəsna xidmətləri, Dövlət Sərhəd Xidmətini yaratmaqla Azərbaycan dövlətinin öz sərhədlərini müstəqil mühafizə etmək qətiyyətini və imkanlarını nümayiş etdirməsini, DSX-nin illik hesabatlarını şəxsən qəbul edərək sərhədçilərlə keçirdiyi görüşlərdə milli sərhəd siyasətimizi formalaşdırması, dövlət sərhədlərinin mühafizəsi strategiyasını müəyyənləşdirməsi xüsusilə qeyd olunmuşdur.
Çıxışlarda son illərdə respublikamızın geostrateji, iqtisadi və mədəni potensialından səmərəli istifadə sayəsində Azərbaycanın dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilməsi Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ardıcıl həyata keçirdiyi siyasətin real nəticəsi olduğu xüsusi vurğulanmışdır.
Konfransın sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunmuşdur.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində təsdiq edilmiş tədbirlər planına əsasən, Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissələrində Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş konfranslar, tematik axşamlar, müzakirələr keçirilmişdir. Həmçinin dahi şəxsiyyətin həyat və fəaliyyəti ilə bağlı filmlər nümayiş etdirilmiş, Heydər Əliyev mərkəzlərinə sərhədçilərin ekskursiyaları təşkil olunmuşdur.