CƏMİYYƏT
“Dövlət siyasətinin beynəlxalq aləmdə təbliği” mövzusunda mühazirə keçirilib
Bakı, 5 mart, AZƏRTAC
YAP Gənclər Birliyinin (YAP) ofisində “Beynəlxalq münasibətlər və diplomatiya klubu” layihəsi çərçivəsində növbəti tətbiqi mühazirə keçirilib.
Birlikdən AZƏRTAC-a bildiriblər ki, mühazirənin müzakirə mövzusu “Dövlət siyasətinin beynəlxalq aləmdə təbliği” olub. Mühazirənin qonağı Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru, Strasburq Universitetinin doktoru, Strasburq-Azərbaycan Evinin həmtəsisçisi və idarə heyətinin üzvü Vazeh Əsgərov olub.
YAP Gənclər Birliyi ofisinin koordinatoru Əli Qənbərli gənclərlə bağlı dövlət siyasəti, Azərbaycan həqiqətlərinin dünyada təbliği, xarici siyasətimizin uğurları haqqında danışıb.
V.Əsgərov Azərbaycanın diaspor quruculuğu və inkişafı sahəsində gördüyü işlər, bu fəaliyyətin hansı istiqamətdə qurulması, dünyanın müxtəlif ölkələrində ölkə gənclərinin fəallığı haqqında söhbət açıb, hər bir Azərbaycan gəncini fərdi və toplum halında fəaliyyət göstərməyə çağırıb.
Sonra tədbir diskussiya formatında davam etdirilib.
Qeyd olunub ki, YAP GB-nin ofisində fəaliyyət göstərən “Beynəlxalq münasibətlər və diplomatiya klubu” layihəsi 3 ay davam edəcək. Layihənin sonunda iştirakçı gənclərə YAP GB tərəfindən diplomlar təqdim ediləcək.