İQTİSADİYYAT


Dünya Bankının Azərbaycanın aqrar sektorunda reallaşdırdığı layihələr müsbət nəticələr verir

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

Oktyabrın 6-da Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşün əsas məqsədi “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi layihəsi” çərçivəsində icraya dəstək missiyasının nəticələri, habelə Dünya Bankının həyata keçirdiyi kənd təsərrüfatında risklərin qiymətləndirilməsi üzrə tədqiqat işi barədə məlumatın çatdırılması və müzakirə edilməsi olub.

Nazir Heydər Əsədov Dünya Bankı tərəfindən Azərbaycanda reallaşdırılan layihələrin nəticələrini yüksək qiymətləndirdiyini və yeni layihələrin həyata keçirilməsinə önəm verdiyini bildirib.

“Azərbaycanda milli kənd təsərrüfatı sektoru risklərinin qiymətləndirilməsi” layihəsini təqdim edən Dünya Bankının kənd təsərrüfatı üzrə baş iqtisadçısı xanım Sandra Broka layihə çərçivəsində həyata keçiriləcək tədbirlərdən danışıb, bir sıra ölkələrdə əldə edilmiş müsbət təcrübələri nəzərə çatdırıb. O, kənd təsərrüfatında risklərin müəyyən olunmasının, bu sahədə təhlillərin aparılmasının, həmçinin sığorta sisteminin fermerlər üçün faydalı olduğunu vurğulayıb.

Nazir Heydər Əsədov layihənin həyata keçirilməsinin təqdirəlayiq olduğunu bildirərək, kənd təsərrüfatında risklərin qiymətləndirlməsinin və bu sahədə təhlillərin aparılmasının əhəmiyyətli məsələ olduğunu deyib. Layihə çərçivəsində ən vacib məsələlər, o cümlədən toxumçuluq üçün laboratoriya və toxumtəmizləyən avadanlıqların alınması, həmçinin prioritet sahələr, xüsusilə də buğda, ət və süd istehsalı üzrə risklərin qiymətləndirilməsi, rəqabətədavamlı məhsullar istehsalı ilə bağlı məlumatı görüş iştirakçılarının diqqətinə çatdıran nazir layihə üzrə məsləhət və tövsiyələrini verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.