DÜNYA
Dünyanın ən sürətli kartı təqdim olunub
Bakı, 1 iyul, AZƏRTAC
ABŞ-ın “Western Digital” şirkəti “SanDisk Extreme microSDXC UHS-I” yaddaş kartını təqdim edib. İstehsalçı kartı dünyanın ən sürətli müasir toplayıcısı adlandırır.
AZƏRTAC “ictnews.az” saytına istinadla xəbər verir ki, tutumu 256 qiqabayta bərabər olan yaddaş kartında informasiyanın ötürülmə sürəti saniyədə 100 meqabitə çatır. Məhz bu xüsusiyyət ABŞ şirkətinin yeni modifikasiyasını dünyanın ən sürətli fləş-kartı edir.
Yeni kart yüksək təsvir ölçüsündə video yazan müasir qurğular, o cümlədən pilotsuz uçan aparatlar, "GoPro” tipli kameralar üçün nəzərdə tutulub. İnformasiyanın sürətli ötürülməsi sayəsində “SanDisk” yaddaş kartı videonu “4K” (Ultra HD) formatında 14 saat ərzində fasiləsiz yazmağa imkan verir.
İlkin məlumata görə, bu ilin sonunda satışa çıxarılacağı gözlənilən kartın qiyməti təxminən 200 dollar təşkil edəcək.
Əvvəllər isə dünyada ən sürətli yaddaş kartı bu ilin mayında təqdim olunan "Samsung EVO Plus” hesab edilib. Cənubi Koreya şirkətinin qurğusu məlumatı saniyədə 95 meqabit sürətində yaza və ötürə bilir.