İQTİSADİYYAT
Düsseldorfda keçiriləcək "Prowein" şərab sərgisində 15 Azərbaycan şirkəti iştirak edəcək
Bakı, 9 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Almaniyanın Düsseldorf şəhərində gələn il martın 19-dan 21-dək keçiriləcək "Prowein" beynəlxalq şərab sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vahid ölkə stendində maksimum 15 şirkət iştirak edəcək. İştirakçılar müsabiqə əsasında seçiləcək.
Müsabiqənin təşkilatçıları İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur (AZPROMO).
Müsabiqə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında fevralın 1-də AZPROMO-da təşkil olunacaq.
Seçim meyarları: ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı 10 bal, nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı 10 bal, sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2015-ci ildə ixrac etdiyi məhsullarının miqdarını göstərməklə 5 bal). Meyarların cəmi üzrə keçid balı minimum 20 baldır.
Vahid ölkə stendində iştirak etmək üçün ərizə, nümayiş olunacaq məhsulların siyahısı, sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar yanvarın 16-dək AZPROMO-ya təqdim edilməlidir. Ünvan: Bakı Biznes Mərkəzi, Neftçilər prospekti 32, Bakı, AZ1000. Elektron poçt ünvanı: [email protected]. Əlaqə telefonu: +99412 5980147/48.