CƏMİYYƏT
ETSN: Yağış yağarsa, Bakı Avtovağzalının qarşısındakı sürüşmə sahəsindəki çatlar genişlənə bilər
Bakı, 13 oktyabr, AZƏRTAC
Hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı sürüşmə sahəsində eni 40-50 santimetr, uzunluğu 50-60 metr olan çatlar əmələ gəlib. İstinad divarları deformasiyaya uğrayıb. Bir çox yerlərdə 70 santimetr dərinliyində çökmələr baş verib.
Bunu AZƏRTAC-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.
Baş geoloqun sözlərinə görə, asfalt örtüyünün nəyin üstündə dayandığı bilinmir. Buna görə sürüşmənin nə qədər təhlükəli olduğunu demək çətindir. Hazırda sürüşmə sahəsi aktiv fazadadır. Yağışlı hava şəraiti davam edərsə, çatların daha da genişlənəcəyi qaçılmazdır.
Ə.Piriyev Zığ sürüşmə sahəsində də vəziyyətin yaxşı olmadığını deyib. Bildirib ki, burada əhalinin sıx yaşadığı 100 evin divarlarında çatlar əmələ gəlib. Təqribən 50-dən çox ev qəzalı vəziyyətdədir. Bu evlərin bəzilərində yaşamaq mümkün deyil.