CƏMİYYƏT
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə ağacların kəsilməsi ilə bağlı şikayət edilib
Bakı, 15 avqust, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Gəncə şəhər sakini Ənvər Mustafayev tərəfindən Yeni Gəncə yaşayış massivi M.C.Paşayev küçəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayət daxil olub. Şikayət nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən şikayətçinin iştirakı ilə yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əraziyə keçirilən baxış zamanı 100 kvadratmetr torpaq sahəsinin hasara alındığı, hasar daxilində doqquz müxtəlifcinsli və diametrli ağacın bioloji inkişafda olduğu, bir sərv ağacının isə tikintiyə maneçilik törətdiyi üçün alt budaqlarının qanunsuz kəsildiyi aşkar edilib.
Araşdırma zamanı həmin ərazinin Gəncə Şəhəri Nizami Rayonu İcra Hakimiyyəti başçısının sərəncamı ilə Hamlet Nağıyevə ticarət obyektinin tikintisi üçün verildiyi məlum olub.
Faktla bağlı H.Nağıyev barəsində protokol tərtib olunub və o, inzibati qaydada 200 manat məbləğində cərimə edilib. Ağacların qorunub mühafizə edilməsi üçün akt tərtib olunaraq torpaq istifadəçisinə təhvil verilib.
Gəncə Şəhəri Mənzil Kommunal Təsərrüfatı Birliyinin Yaşıllaşdırma Şöbəsinə isə müddətli “məcburi göstəriş” verilib, eyni zamanda, Gəncə Şəhəri Nizami Rayonu İcra Hakimiyyətinə müraciət olunub.