CƏMİYYƏT
Ekologiya və təbii sərvətlər naziri Zərdabda vətəndaşları qəbul edib VİDEO
Bakı, 27 dekabr, AZƏRTAC
Dekabrın 27-də ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Zərdab şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Zərdab, Bərdə, Tərtər, Ucar, Xocavənd və Laçın rayonlarının sakinləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdiyi qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya, hidrometeorologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı 30-dan çox vətəndaşın müraciətinə baxılıb.
Qəbul zamanı nazir vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün müvafiq struktur rəhbərlərinə konkret tapşırıqlar verib. Vətəndaşları narahat edən məsələlərin bir qismi elə yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə operativ şəkildə araşdırılması üçün nəzarətə götürülüb.
Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.