CƏMİYYƏT
Ekoloji müsabiqədə birinci yerə layiq görülmüş ssenari əsasında videoçarx hazırlanması planlaşdırılır
IDEA İctimai Birliyi və Heydər Əliyev Mərkəzinin birgə təşəbbüsü ilə iyulun 15-dən elan olunan “Mənim eko hekayəm” sosial-ekoloji müsabiqəsi başa çatıb.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, müsabiqəyə ekoloji mövzuda 3 dəqiqəlik videoçarxın çəkilməsi üçün nəzərdə tutulmuş 50-dən artıq ssenari təqdim olunub. Münsiflər heyətinin qiymətləndirilməsi əsasında ən yaxşı 3 ssenarinin müəllifləri müəyyən edilib.
Müsabiqənin qalibi Liya Bayramova olub. Onun təqdim etdiyi ssenari təbiətin gözəlliyindən, zaman keçdikcə ona dəyən zərərlərdən bəhs edir, insanları ətraf mühitin mühafizəsinə, onu gələcək nəsillər üçün qoruyub saxlamağa səsləyir.
İkinci yerin sahibi isə Gülşad Abdullayevadır. O, öz hekayəsində gözəl qadın portreti çəkən rəssamın əsərinin fonunda əks olunan ekoloji problemləri canlandırır.
Üçüncü yeri tutan Cəmilə Məlikovanın yazdığı ssenari isə ətraf mühitin çirklənməsini görən gəncin təbiəti qorumaq, onu çirklənməkdən xilas etmək arzusunu əks etdirir.
Birinci yerə layiq görülmüş ssenari əsasında IDEA və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə sosial-ekoloji videoçarx hazırlanması planlaşdırılır.
Müsabiqənin qalibləri, həmçinin qiymətli hədiyyələrlə mükafatlandırılıblar.