CƏMİYYƏT
Ekoloji plakat müsabiqəsinin qalibləri mükafatlandırıldı
Bakı, 19 dekabr, AZƏRTAC
Dekabrın 19-da Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi ilə birgə akademik Həsən Əliyevin xatirəsinə həsr olunmuş “Həyəcan təbili” devizi altında məktəblilərin respublika baxış-müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Yekun tədbirdə alimlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, məktəblilər və müəllimlər iştirak ediblər.
Mərasimdə bildirilib ki, müsabiqə WWF-nin Azərbaycan nümayəndəliyinin Avropa İttifaqının dəstəyi ilə həyata keçirdiyi “Cənubi Qafqaz ölkələrində meşə ekosistemlərinin transformasiya yolu ilə iqlim dəyişmələrinə qarşı dözümlülüyünün artırılması” layihəsi çərçivəsində baş tutub. Məqsəd akademik Həsən Əliyevin təbiəti mühafizə ideyalarının məktəblilər arasında təbliği, onların ekoloji biliklərin artırılması, habelə xüsusi istedada malik məktəblilərin aşkara çıxarılması olub.
Məlumat verilib ki, bu ilin noyabr-dekabr aylarında respublikanın orta təhsil müəssisələrinin V-XI sinif şagirdləri, ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin dərnək üzvləri arasında keçirilən ekoloji plakat müsabiqəsinə 150-dən artıq yaradıcılıq işi təqdim olunub. Əsasən regionun və ölkənin ekoloji problemlərini, bioloji müxtəlifliyin və meşələrin qorunmasını, iqlim dəyişmələrinin təsirinin azaldılmasını, ətraf mühitin vəziyyətinin yaxşılaşdırılmasını, yaşıllaşdırma və abadlıq işlərini əks etdirən ən yaxşı yaradıcılıq işlərindən ibarət kataloq nəşr etdiriləcəkdir.
Sonra müsabiqənin qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim olunub.