REGİONLAR
Elektron xidmətlərin tətbiqi diqqət mərkəzindədir
Sədərək, 22 dekabr, Tural Kəngərli, AZƏRTAC
Sədərək Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə Sədərək rayonunda “Sığorta-pensiya sisteminin mahiyyəti və bu sahədə elektron xidmətlərin tətbiqi” mövzusunda maarifləndirici tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri Sədərək Rayon İcra Hakimiyyətinin şöbə müdiri Samil Kazımov açaraq vətəndaşların pensiya təminatının yaxşılaşdırılmasının dövlətimizin sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən biri olduğunu, həyata keçirilən islahatların pensiyaçıların rifah halının yüksəldilməsinə imkan yaratdığını vurğulayıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun şöbə müdirləri Yaşar Məmmədov, Vaqif Rəsulov və İsmayıl Həsənov çıxış edərək sığorta-pensiya sisteminin mahiyyətindən, məcburi dövlət sosial sığorta haqlarının ödənişi, əmək pensiyalarının təyinatı və ödənişi sahələrində elektron xidmətlərin tətbiqindən danışıblar.
Vurğulanıb ki, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi” elektron xidməti işəgötürənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və torpaq mülkiyyətçiləri tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi prosesini xeyli asanlaşdırıb. Bu xidmət vasitəsilə kənd yerlərində yaşayan sığortaedənlər məcburi dövlət sosial sığorta haqlarını bağlanmış müqavilələrə əsasən, yaşadıqları yerlərdə poçt şöbələri vasitəsilə də ödəyə bilərlər.
Fondun Sədərək Rayon Şöbəsinin müdiri Yaqubəli Vəliyev rayonda sığorta-pensiya sistemində elektron xidmətlərin tətbiqi ilə bağlı görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib.
Sonda elektron xidmətlərin tətbiqi ilə əlaqədar slayd nümayiş olunub, tədbir iştirakçılarının sualları cavablandırılıb.