QAN YADDAŞI
Erməni millətçiləri 25 il əvvəl öz vəhşi simalarını dünyaya bir daha nümayiş etdirdilər
Sumqayıt, 25 fevral, AZƏRTAC
Qubadlı rayonunun idarə, müəssisə və təşkilatlarında Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, növbəti belə tədbir fevralın 25-də Qubadlı rayon 28 May mədəniyyət evində təşkil olunub.
Əvvəlcə Xocalı soyqırımından bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, tarixən Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirən erməni millətçiləri 25 il əvvəl öz vəhşi simalarını bir daha bütün dünyaya nümayiş etdirərək, dinc əhaliyə divan tutublar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və hərbi texnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərinə hücuma keçərək, Azərbaycan xalqına qarşı soyqırımı törədiblər. Bu, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün insanlığa qarşı yönəlmiş dəhşətli cinayətdir. 613 nəfər şəhid olub, onlardan 106-sı qadın, 63-ü uşaq idi. 487 nəfər ağır yaralanıb, 8 ailə bütövlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 1275 nəfər əsir və girov götürülüb, əsir düşənlərdən 197 nəfərin taleyi bu günədək məlum deyil. Şəxsi və dövlət əmlakına külli miqdarda maddi ziyan dəyib.
Qeyd olunub ki, bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib. Bu gün Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı addımlar atılır. Soyqırımının dünya dövlətlərində tanıdılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq informasiya və təşviqat kampaniyası xüsusi rol oynayır.
Sonda “Xocalı soyqırımı”na həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.