SİYASƏT
Ermənilər Azərbaycana qarşı bəd əməllərindən əl çəkmirlər
Paris, 26 noyabr, AZƏRTAC
Fransada Azərbaycanla bağlı keçirilən hər hansı tədbir bu ölkədə yaşayan erməniləri həmişə qıcıqlandırır. Noyabrın 25-də Parisin möhtəşəm sərgi salonu “Kiçik Saray”da (Petit Palais) Fransada yaşayan dünya şöhrətli azərbaycanlı fotoqraf Reza Deqatinin ölkəmizin reallıqlarını və tolerantlıq ənənələrini əks etdirən fotolarından ibarət “Azərbaycan-od zərifliyi” adlı sərginin təşkili erməniləri əməlli-başlı təşvişə salıb.
Ermənilərin Müdafiəsinin Fransa Bürosu (BFCA) sərgi ilə bağlı noyabrın 23-də sarayın direktoruna məktubla müraciət edib. Parisdə nəşr olunan “Ermənistan xəbərləri” jurnalı həmin məktubu 25 noyabr tarixli nömrəsində dərc edib.
Azərbaycana və xalqımıza qarşı tarixi nifrətlərini gizlətməyən ermənilər yenə qarayaxma, yalan və böhtanla dolu ənənələrinə sadiq qalaraq oxucuları aldatmağa, ölkəmiz barədə mənfi rəy yaratmağa səy göstəriblər. Yazıda ermənilərin guya etnik təmizləməyə məruz qalması kimi absurd fikrin yer alması isə gülünc doğurur.
Dünya ictimaiyyətinin Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağın və ona bitişik yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalını qəbul etməsini bilərəkdən yaddan çıxaran və Azərbaycan məsələsi ortaya çıxanda yaddaşları kütləşən ermənilərə bir faktı xatırlatmaq kifayətdir: Dağlıq Qarabağ və ona bitişik rayonlarımız Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu halda ermənilərə qarşı hansı etnik təmizləmədən söhbət gedə bilər? Əksinə, erməni silahlı qüvvələri azərbaycanlılara qarşı etnik təmizləmə aparıb, bir milyondan artıq soydaşımız doğma torpaqlarından didərgin salınaraq qaçın və məcburi köçkün həyatı yaşamağa məcbur ediliblər. Dünyanın aparıcı dövlətləri də dəfələrlə bu faktı təsdiqləyiblər.
Öz gözlərində tiri görməyib başqalarının gözündə tük axtaran ermənilər tarixi faktları saxtalaşdırmaqda heç də əcdadlarından geri qalmayıblar. Onlar dünya ictimaiyyətini aldadaraq və əsl faktları təhrif etməyə səy göstərərək Azərbaycanın Culfa rayonu ərazisində minlərlə erməni xaçkarının dağıdıldığı kimi boş və mənasız fikir irəli sürməkdən çəkinməyiblər. Vaxtilə Azərbaycan ərazisində yaşamış alban tayfalarına məxsus abidələri özününküləşdirən ermənilərin yadına salmaq istərdik ki, işğal altındakı Dağlıq Qarabağ və ona bitişik rayonların ərazisində xalqımıza məxsus tarixi abidələr, mədəniyyət və təhsil ocaqları, ölkəmizin mədəni dəyərlərindən olan Azıx mağarasının məhz onlar tərəfindən yerlə-yeksan edilməsinə nə ad vermək olar? Bütün bunlara baxmayaraq onlar Bakıdakı erməni kilsəsinin qorunub saxlandığını nə tez yaddan çıxardıblar?
Azərbaycanın Cənubi Qafqazda lider dövlətə çevrilməsini, beynəlxalq aləmdə nüfuzunun güclənməsini həzm edə bilməyən ermənilər, xüsusilə də Fransada yaşayan ermənilər bu ölkədə Azərbaycanla bağlı keçirilən tədbirlərə daim mane olmağa səy göstəriblər. Heç uzağa getmək lazım deyil. Heydər Əliyev Fondunun təşəbbüsü ilə cari ilin sentyabrında Parisin VI rayonundakı Sen-Sülpis meydanında təşkil olunan “Azərbaycan şəhərciyi”nin açılışına hər vəchlə mane olmağa səy göstərsələr də, istədiklərinə nail ola bilmədilər və layiqli cavab aldılar. Bu cür hadisələr dəfələrlə təkrar olunsa da, Azərbaycanın Fransadakı səfirliyinin sayəsində qarşısı vaxtında alınıb.
Ermənilərin sərgi ilə bağlı növbəti “təşəbbüsü”nə də layiqli cavab verilib. Sarayın rəhbərliyi onların müraciətini rədd edib. Ölkəmizə düşmən münasibət bəsləyən ermənilər bir şeyi yaddan çıxarmamalıdırlar: Haqq və ədalət həmişə Azərbaycanın tərəfindədir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris