CƏMİYYƏT
Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində faydalı qazıntıları qəddarcasına talayır
Bakı, 25 may, Elçin Hüseynov, AZƏRTAC
1990-cı illərin sonlarınadək ermənilər işğal etdikləri ərazilərdə azərbaycanlılara aid mülkiyyəti, evləri, digər maddi sərvətləri talan edib satmaqla və meşələrimizi qırıb ağacları daşımaqla dolanırdılar. Sonradan isə bu talançılığın digər istiqaməti - faydalı qazıntı yataqlarının qəddarlıqla talanması geniş vüsət almağa başladı. Bu işə ABŞ, Rusiya, Kanada, İsveçrə, Fransa, Almaniya və digər dövlətlərdən 30-a yaxın şirkət cəlb edildi. Son vaxtlar talanın miqyası daha da artmaqdadır.
AZƏRTAC xəbər verir ki, bu faktlar Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu tərəfindən “1989-1994-cü illərdə Ermənistanın işğal etdiyi ərazilərimizin faydalı qazıntıları və amansız erməni talanı nəticəsində vurulmuş zərərlərin qiymətləndirilməsi barədə hesabat” mövzusunda keçirilən konfransda açıqlanıb.
İşçi Qrupun rəhbəri, Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının sədri, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı tədbir iştirakçılarına itki və tələbatların hesablanması vəziyyəti və görülmüş işlər barədə məlumat verib. Qeyd olunub ki, ermənilər tərəfindən 12 ildən çoxdur talan edilən ümumi ehtiyatı 150 tona yaxın olan üç böyük qızıl yatağının, həmçinin iki polimetal, bir sıra civə, tikinti materialları, bəzək daşı, yeraltı şirin su və mineral su yataqlarının istismarı nəticəsində Azərbaycana vurulmuş zərərin miqdarı on milyardlarla ABŞ dolları həcmində qiymətləndirilir.
Xanhüseyn Kazımlı deyib ki, ermənilərin Azərbaycana vurduğu maddi-mənəvi ziyanı hesablamaq vacibdir: “Araşdırmalar, hesablamalar hələ də davam edir. Zaman bizim xeyrimizə işləyir və əminəm ki, tezliklə işğal altındakı torpaqlarımız azad olunacaq”.
“Ermənistan tərəfi Azərbaycanın təbii sərvətlərinə vurulmuş külli miqdarda zərərə görə kompensasiya ödəməyə borcludur. Beynəlxalq hüquqa əsasən, zərər çəkmiş dövlətə dəymiş real ekoloji zərərlərə görə kompensasiya ödənilməsi zəruri hesab olunur.”
Bu fikirləri isə İşçi Qrupunun üzvü, geologiya üzrə mütəxəssis Mirzəli Fətəliyev səsləndirib. O, “Beynəlxalq hüquqa zidd əməllərə görə dövlətlərin məsuliyyəti” Konsepsiyasının 36-ci maddəsinə aid şərhin 15-ci bəndini xatırladıb. Bu bənddə qeyd olunur ki, “utilitar əhəmiyyət daşımayan dəyərlər” adlanan bioloji rəngarənglik, təbii landşaftın gözəlliyi və s. kimi ekoloji dəyərlərə vurulmuş faktiki zərər heç də əmlaka vurulmuş zərərdən az əhəmiyyətli deyil və ödənilməlidir. Baxmayaraq ki, miqdar baxımından onun hesablanması daha çətin ola bilər.
M.Fətəliyev bildirib ki, İşçi Qrup ətraf mühit və təbii sərvətlərə vurulmuş zərərlərin müəyyənləşdirilməsi istiqamətində işləri ardıcıl yanaşma metodu əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə aparır. Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərində 561 yataq və perspektivli minerallaşma sahələri müəyyən edilib. Qondarma “Dağlıq Qarabağ Geoloji Fondunda” 285 faydalı qazıntı yatağı qeydiyyata alınıb.
Tədbirdə işğal altındakı ərazilərimizin faydalı qazıntılarının ermənilər tərəfindən talanını əks etdirən fotoslaydlar nümayiş olunub.
Digər çıxış edənlər də Azərbaycanın faydalı qazıntılarının Ermənistan tərəfindən talanması nəticəsində dəymiş zərərlərin qiymətləndirilməsi metodologiyaları və hazırkı vəziyyəti barədə məlumat veriblər.
Sonda mövzu ətrafında diskussiyalar aparılıb.