CƏMİYYƏT
Ermənistanın Şuşada mədəni, tarixi abidələri dağıtması bəşəriyyətin mənəvi irsinə qarşı qəsddir
Bakı, 5 may, AZƏRTAC
Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Şuşaya azadlıq” beynəlxalq kampaniyasının xarici tərəfdaşlarının Bakı toplantısı” layihəsinin icrasına başlanılıb.
Mayın 4-də Şurada layihə çərçivəsində ölkəmizdə səfərdə olan 19 xarici ölkənin (Polşa, Türkiyə, Litva, İspaniya, Bosniya və Herseqovina, Serbiya, Xorvatiya, Bolqarıstan, Yunanıstan, Belçika, İsrail, Rumıniya, Estoniya, Latviya, Ukrayna, Moldova, Belarus, Gürcüstan və Sudan) QHT-lərinin nümayəndələri ilə görüş keçirilib.
Şuradan AZƏRTAC-a bildiriblər ki, qurumun sədri, deputat Azay Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və nəticələri haqqında qonaqlara ətraflı məlumat verib. O, Ermənistanın işğalçılıq siyasəti nəticəsində məcburi köçkün vəziyyətinə düşən bir milyondan artıq azərbaycanlının əksər fundamental hüquqlarından məhrum edildiyini, zəpt olunan Azərbaycan ərazilərindəki mədəni, tarixi abidələrin tamamilə dağıdıldığını vurğulayıb. A.Quliyev BMT-nin işğal edilmiş Azərbaycan ərazilərinin qeyri-şərtsiz azad olunması barədə qəbul etdiyi 4 qətnamənin tələblərinin 20 ildən artıq müddətdə Ermənistan tərəfindən yerinə yetirilməməsinin təəssüf doğurduğunu bildirərək vətəndaş cəmiyyəti institutlarını bu ədalətsizliyə qarşı mübarizənin önündə yer almağa çağırıb: “Ermənistanın Qafqazın konservatoriyası olan Şuşa şəhərini işğal edərək oradakı mədəni, tarixi abidələri dağıtması bütövlükdə bəşəriyyətin mənəvi irsinə qarşı qəsddir. Belə faktların beynəlxalq ictimaiyyətə çatdırılması, ədalətin bərpa olunması işində QHT-lərin fəallığını artırmalarına ciddi ehtiyac var”.
Beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqda davam edən Ermənistana qarşı sanksiyaların tətbiqinin vaxtının çoxdan çatdığını qeyd edən Şura sədri “Şuşaya azadlıq” beynəlxalq kampaniyası çərçivəsində silsilə tədbirlərin il boyu davam etdiriləcəyini bildirib.
Görüşdə Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov kampaniya çərçivəsində görülmüş işlər, Şuranın strukturu, fəaliyyət istiqamətləri haqqında qonaqlara məlumat verib.
Sonda fikir mübadiləsi aparılıb.