CƏMİYYƏT
FAO: Asiya-Sakit okean regionunda 500 milyonadək adam aclıq çəkir
Bakı, 8 dekabr, AZƏRTAC
Asiya-Sakit okean regionu sakinlərinin 12 faizi – təqribən 500 milyon adam doyunca yemir. Aclığa qarşı mübarizə sahəsində inkişaf yavaşıyıb. Regionun hakimiyyət orqanları tədbir görməsələr, onlar 2-ci Davamlı İnkişaf Məqsədlərinə, yəni nəzərdə tutulan müddətə - 2030-cu ilə qədər aclığı ləğv etməyə nail ola bilməyəcəklər.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, qurumun Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) mütəxəssisləri bu qənaətə gəliblər. Onlar Banqkokda Asiya və Sakit okean regionunda ərzaq təhlükəsizliyi məsələlərinə dair ənənəvi xülasə təqdim ediblər.
1990-cı ildən başlayan dövr ərzində Asiyada aclığın miqyasını iki dəfə azaltmaq mümkün olub, ancaq əsas uğurlar ötən əsrin 90-cı illərinə təsadüf edib. Son vaxtlar aclığa qarşı mübarizənin nəticələri qənaətbəxş olmayıb. Dünyada aclıq çəkən bütün insanların 60 faizi Asiya-Sakit okean regionunun payına düşür. Bəsləyici maddələrin çatışmaması nəticəsində regionda hər üç uşaqdan biri alçaqboylu olmasından əziyyət çəkir. Asiyada piylənmədən əziyyət çəkənlərin sayı da artır, çünki əhali getdikcə daha çox sağlamlığa zərərli olan yeyinti məhsullarına üstünlük verir.
Məruzə müəllifləri vurğulayırlar ki, aclığa qarşı mübarizə yoxsulluğun aradan qaldırılması ilə sıx bağlıdır. Asiya-Sakit okean regionu üçün bu proses xüsusən əhalinin sürətlə artması baxımından böyük sosial və iqtisadi çətinliklərlə bağlı olacaq.
FAO region ölkələrinin hökumətlərinə müraciət edərək, onları aclığa qarşı yeni qüvvə ilə mübarizə aparmağa və zəruri tədbirlər görməyə, məsələn, yeyinti məhsullarının daha səmərəli istehsal üsullarına vəsait yatırmağa çağırır.