İQTİSADİYYAT
FAO-nun nümayəndəsi torpaq ehtiyatlarını düzgün idarə etməyə çağırır
Bakı, 21 aprel, AZƏRTAC
Şumluq və münbit torpaqlar dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsində çox mühüm rol oynayır.
AZƏRTAC BMT-nin xəbərlər mərkəzinə istinadla bildirir ki, bu fikri BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndəsi Mocahed Açuri Berlində keçirilən Üçüncü Qlobal Torpaq Həftəsinin açılışında çıxışı zamanı bəyan edib.
Forumda 78 ölkədən təxminən 550 nümayəndə iştirak edir.
Mocahed Açuri deyib: “Torpaqlar ərzaq təhlükəsizliyinin təmin edilməsində çox mühüm rol oynayır və iqlim dəyişmələrinin ağır nəticələrinin yumşaldılması üçün potensiala malikdir”. FAO-nun nümayəndəsi vurğulayıb ki, bu gün torpaq ehtiyatlarına böyük təzyiq edildiyi müşahidə olunur.
Sağlam torpaqlar sənaye, yanacaq, lif və tibbi təyinatlı məhsullar istehsalının əsasını təşkil edir. Onlar həmçinin karbon dövriyyəsində, suların qorunmasında və süzülməsində, daşqınlara və quraqlığa qarşı davamlılığın güclənməsində mühüm rol oynayır.
Bu gün qlobal torpaq resurslarının 33 faizi yararsız hala düşüb. Torpaqların korlanması müxtəlif formada, o cümlədən eroziya, bərkimək, üzvi və qidalandırıcı maddələrin yuyulub aparılması, turşuluğun artması, çirklənmə və torpaq resurslarının qeyri-sabit idarə olunması ilə bağlı digər proseslər şəklində gedir.
Müvafiq istiqamətdə yeni yanaşmalar tətbiq olunmasa, 2050-ci ildə əhalinin adambaşına düşən şumluq və münbit torpaqların ümumi sahəsi 1960-cı ildəki səviyyənin dörddə birini təşkil edəcək.
FAO dövlətləri torpaq ehtiyatlarının davamlı idarəedilməsini möhkəmləndirməyə və torpaqların korlanma tempinin aşağı salınması üzərində işləməyə çağırır.
Qlobal Torpaq Həftəsi bu il qeyd olunan Beynəlxalq Torpaq İli ilə eyni vaxta düşür.