CƏMİYYƏT
FHN Akademiyasında 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü qeyd olunub
Bakı, 1 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov Mülki Müdafiə Gününün yaranma tarixi haqqında ətraflı məlumat verib. Qeyd edib ki, ölkəmizdə təhlükəsiz cəmiyyət şəraitinin formalaşması ilə bağlı görülən işlərdə FHN-in mülki müdafiə sisteminin rolu danılmazdır. Mülki müdafiə işinin səviyyəsinin durmadan yüksəldilməsi, bu sahənin peşəkar gənc kadrlara olan ehtiyacının ödənilməsi baxımından Akademiyanın üzərinə böyük məsuliyyət düşür. Ali tədris müəssisəsi olaraq, Akademiyada ilk növbədə, mülki müdafiə dərslərinin yüksək səviyyədə keçirilməsinə, kursantlara öyrədilən nəzəri biliklərin praktiki məşğələlərlə əlaqələndirilməsinə böyük diqqət yetirilir.
Tədbirdə çıxış edən Mülki Müdafiə Qoşunları Komandanlığının idarə rəisi, polkovnik Mirzə Əsgərov fövqəladə hallarda əhalinin müdafiəsinin təşkili, təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması, əhalinin həyat təminatının təchizi kimi məsələlər mülki müdafiə orqanlarının qarşısında əsas vəzifə kimi dayanması, elm və texnikanın sürətlə inkişaf etdiyi son dövrlərdə insanların təhlükəsizliyinin təminatının daha mühüm əhəmiyyət kəsb etdiyi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonda 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbirin praktik hissəsində mülki müdafiə qurğuları və texnikaya baxış keçirilib, onların təyinatı və istifadə qaydaları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.