CƏMİYYƏT
FHN Muğan Regional Mərkəzi Hacıqabulda rayon müşavirəsi keçirib
Bakı, 17 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzi nazirliyin bölgədə fəaliyyət göstərən digər qurumlarının iştirakı ilə Hacıqabul Rayon İcra Hakimiyyətində “Fövqəladə halların proqnozlaşdırılması, profilaktik tədbirlərin həyata keçirilməsi və fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Mərkəz ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin təşkili və gücləndirilməsi” mövzusunda rayon müşavirəsi keçirib.
Müşavirədə icra hakimiyyətinin rəhbər işçiləri, Hacıqabul rayon fövqəladə hallar komissiyasının üzvləri, ərazi icra nümayəndələri, bələdiyyələr, idarə və təşkilat rəhbərləri, Muğan Regional Mərkəzinin, Muğan Regional Dövlət Yanğın Nəzarəti idarəsinin, Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Muğan Regional Sənayedə İşlərin Təhlükəsiz görülməsi və Dağ-mədən nəzarəti müfəttişliyinin əməkdaşları iştirak ediblər.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Mərkəzin əməkdaşları tərəfindən nazirliyin respublikamızda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində gördüyü işlərdən, Muğan Regional Mərkəzinin əhatə etdiyi xidməti ərazidə fövqəladə hallarla mübarizə sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. İcra strukturları ilə mərkəz arasındakı qarşılıqlı fəaliyyətin əhəmiyyəti qeyd edilərək, həyata keçirilən tədbirlər zamanı meydana çıxan problemlərin həllinə nail olmaq üçün bu cür görüşlərdə müzakirələrin aparılmasının vacibliyi vurğulanıb.
Sonra Muğan Regional Mərkəzinin monitorinq qruplarının Hacıqabul rayonu ərazisində müxtəlif vaxtlarda keçirdiyi monitorinqlərin nəticələrindən bəhs edən slaydlar nümayiş etdirilib, yaranmış problemlər diqqətə çatdırılıb.
Toplantıda Hacıqabul rayonu ərazisində yüksək təzyiqli qaz və yüksək gərginlikli elektrik hava xətlərinin mühafizə zonalarında və ictimai yaşayış binalarının ətrafında inşa edilmiş müxtəlif təyinatlı tikililərlə bağlı mövcud problemlərə toxunulub, icraedici orqanlara tövsiyələr verilib.