CƏMİYYƏT
FHN-in İsraildə meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşları Vətənə qayıdıblar VİDEO
Bakı, 30 noyabr, Məhərrəm Əlioğlu, AZƏRTAC
Xəbər verdiyimiz kimi, İsrail Dövləti Hökumətinin müraciəti əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) İsraildə meşə yanğınları ilə əlaqədar bu ölkəyə “BE-200ÇS” amfibiya tipli təyyarə göndərmişdi.
AZƏRTAC xəbər verir ki, meşə yanğınlarının söndürülməsində fəal iştirak etmiş Azərbaycan yanğınsöndürənləri noyabrın 30-da Vətənə qayıdıblar.
Heydər Əliyev Beynəlxalq Aeroportunda yanğınsöndürənlərin qarşılanma mərasimi olub.
FHN-in aviasiya dəstəsinin rəisi, polkovnik Əşrəf Qasımov bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə nazirliyin aviasiya dəstəsinə məxsus bir təyyarə İsrailin Hayfa şəhəri ətrafında baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə bu ölkəyə yola düşmüşdü. “BE-200ÇS" amfibiya tipli təyyarə və 9 nəfərlik uçuş-texniki heyətdən ibarət qrup İsraildə baş vermiş irimiqyaslı yanğınların söndürülməsinə cəlb olunmuşdu.
Ə.Qasımov deyib ki, ilk olaraq heyət yanğının miqyası ilə tanış olub. “Noyabrın 26-dan başlayaraq yanğınların söndürülməsində iştirak etməyə başladıq. İştirakçı dövlətlərin sayı çox olduğu üçün yanğın sektorlara bölünmüşdü və hər dövlətin ayrı sektoru var idi. Biz Hayfa və Qüds şəhərlərinin ətrafındakı bölgələrə ayrılmışdıq. Biz ilk olaraq kəşfiyyat xarakterli uçuşlar həyata keçirdik. Həmin gün ərzində 8 yanğın bölgəsində 9 uçuş etmək şərtilə 80 tondan artıq su tökməklə bölgədə yanğınların söndürülməsində fəal iştirak etdik. Noyabrın 27-28-də Hayfa və Qüds şəhərlərinin ətrafında havadan kəşfiyyat aparmaq və eyni zamanda, havada növbə çəkmək üsulu ilə uçuşlar keçirdik. İsraildə olan müddətdə 100 tondan çox su istifadə etməklə yanğınların söndürülməsində iştirak etdik. Azərbaycan yanğınsöndürənləri İsraildə 8 ocağın söndürülməsində fəal iştirak ediblər”.
Ə.Qasımov deyib ki, İsrail Dövlətinin Prezidenti Reuven Rivlin və daxili təhlükəsizlik naziri Gilad Erdan İsraildə yanğınların söndürülməsində iştirak edən beynəlxalq qrupun üzvləri, o cümlədən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə görüşüb, göstərdikləri şücaətə görə təşəkkürlərini bildiriblər.
Gilad Erdan beynəlxalq qrupun üzvləri, o cümlədən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına diplom və sertifikatlar təqdim edib. Həmçinin yanğınların söndürülməsində göstərdikləri şücaətə görə FHN-in əməkdaşları İsrail Hərbi Hava Qüvvələrinin xatirə medalı ilə təltif olunublar.