REGİONLAR
Faşizm üzərində Qələbənin 70 illiyinə həsr edilən atletika yarışının qalibləri məlum olub
Qəbələ, 27 aprel, AZƏRTAC
1941-1945-ci illər müharibəsində Qələbənin 70 illik yubileyi münasibətilə Qəbələ rayonunda atletika üzrə yarış keçirilib.
AZƏRTAC xəbər verir ki, Qəbələ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Zarağan kənd 2 saylı tam orta məktəbdə oğlanlar arasında keçirilən rayon çempionatının açılış mərasimində çıxış edənlər 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illik yubileyinin Azərbaycanda təntənə ilə qeyd olunmasından, ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıblar.
Beynəlxalq Atletika Federasiyasının qaydalarına əsasən 100 metr, 400 metr, 4x100 metr (estafet), kross (1500 metr) və uzununa tullanma növləri üzrə keçirilən yarışda rayonun ümumtəhsil məktəblərinin 25 komandası iştirak edib. Hər komandanın tərkibi 5 idmançı və 1 məşqçidən ibarət olub. Çempionatda Qəbələ şəhər 3 saylı tam orta məktəbin komandası I yeri tutub. 100 metr məsafəyə qaçışda və qaçaraq uzununa tullanmada Şamilxan Qəribli, 400 metr məsafəyə qaçışda İlkin Həsənəliyev, 1500 metr (kross) məsafəyə qaçışda isə Sərvər Faxulov I yeri əldə edib.
Yarışda ilk üç yeri tutan idmançılara və komandalara rayon gənclər və idman idarəsinin diplom və medalları təqdim edilib.