CƏMİYYƏT


Fələstinin ölkəmizdəki səfiri sosial xidmət müəssisəsindəki sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb

A+ A

Bakı, 7 noyabr, AZƏRTAC

Fələstinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdülkərim Əbdürrəhman Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinə gələrək, burada yaşayan uşaqlarla görüşüb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Milli Məclisin deputatları Gövhər Baxşəliyeva, Adil Əliyev, “The World Communty” və digər qeyri-hökumət təşkilatlarının təmsilçiləri, incəsənət ustaları da iştirak ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Səfər Mehdiyev ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqların etibarlı sosial təminat və tibbi-sosial reabilitasiya sistemi ilə əhatə olunduqlarını bildirib. Qeyd olunub ki, hazırda nazirliyin 1 və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində 331 nəfər hərtərəfli dövlət təminatı şəraitində yaşamaqla, daimi qida, geyim və tibbi reabilitasiya xidməti ilə təmin olunurlar. Onlardan 176 nəfəri 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsindədir.

Vurğulanıb ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra müəssisədə uşaqların normal yaşayışı, reabilitasiya tədbirlərinə cəlb olunmaları üçün hərtərəfli şərait yaradılıb. Müasir avadanlıqlarla təmin edilmiş müəssisədə müalicəvi prosedurların həyata keçirildiyi fizioterapiya, reabilitasiya, ilk yardım, funksional diaqnostika otaqları, konfrans, idman və musiqi zalları fəaliyyət göstərir. Zəruri fiziki qabiliyyət və vərdişlər formalaşdırmaq üçün reabilitasiya kabinələri, fitri istedad və bacarıqların, əmək vərdişlərinin inkişafına xidmət edən dərnəklər yaradılıb.

Uşaqların maraq dairələrinə və öz bacarıqlarına uyğun olaraq çalışdıqları rəsm, tikmə, sap və muncuqla toxuma, ağac üzərində oyma və digər dərnəklərə baş çəkən səfir və ailə üzvləri uşaqların onların hazırladıqları əl işləri ilə tanış olublar. Səfirə uşaqların əl işlərindən olan, Azərbaycan bayrağının rəngləri fonunda hazırlanmış “Azərbaycan xəritəsi” və ölkəmizin qədim musiqi alətlərinin əks olunduğu oyma işi hədiyyə edilib.

N.Ə.Əbdürrəhman bu sosial xidmət müəssisəsində uşaqlar üçün yaradılan yaşayış və reabilitasiya şəraitinin onlarda xoş təəssüratlar oyatdığını bildirib.

Sonra incəsənət ustalarının iştirakı ilə uşaqlar üçün musiqili-əyləncəli konsert proqramı təqdim edilib. Proqram çərçivəsində fələstinli rəqqaslar özlərinin milli rəqsini təqdim ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.