SİYASƏT


Fikri İşık: Regional əməkdaşlığın gücləndirilməsi ilə bağlı birgə mövqeyimiz bütün dünya üçün örnək olacaq

Batumi, 23 may, AZƏRTAC

Regional əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlərdə nümayiş etdirdiyimiz birgə mövqe bütün dünya üçün örnək olacaq.

Bu sözləri Türkiyənin müdafiə naziri Fikri İşık mayın 23-də Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Batumidə keçirilən mətbuat konfransında söyləyib.

Nazir deyib ki, ölkələrimizin coğrafi mövqeyi, enerji resursları, eləcə də boru kəmərlərinin və digər infrastruktur layihələrinin təhlükəsizliyi bütün dünyanın diqqət mərkəzindədir.

Fikri İşık qeyd edib ki, Türkiyə, Azərbaycan və Gürcüstan arasında qədim tarixi olan dostluq əlaqələri var. Siyasi, iqtisadi sahələrdə çox gözəl münasibətlərimiz mövcuddur. Bu da bizə hərbi sahədə əməkdaşlığımızı daha da genişləndirməyə və inkişaf etdirməyə imkan yaradır. Bizim dövlət başçılarımızın, xarici işlər və müdafiə nazirlərimizin birgə görüşlərinin keçirilməsi ənənəvi hal alıb.

Türkiyə Baş nazirinin böyük heyətlə Tbilisiyə səfər etdiyini bildirən Fikri İşık deyib: “Bu səfər və bizim üçtərəfli görüşümüz ortaq iş birliyimizlə yanaşı, Qafqazda sülhün, təhlükəsizliyin və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir”.

“Biz üçtərəfli görüşümüzdə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünün toxunulmazlığını bir daha qeyd etdik, bölgədəki bütün münaqişələrin ölkələrin ərazi bütövlüyünə hörmət prinsipləri əsasında həllinin vacibliyini qeyd etdik”, - deyə Türkiyənin müdafiə naziri vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Batumi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.