CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyində Apellyasiya Şurası yaradılıb
Bakı, 12 fevral, AZƏRTAC
“Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanına uyğun olaraq Fövqəladə Hallar Nazirliyində (FHN) Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müvafiq əmri ilə sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə yaradılan Apellyasiya Şurasına nazir müavini Tapdıq Əmiraslanov sədr təyin edilib. Yeddi nəfərdən ibarət olan Şuranın tərkibinə nazirliyin aidiyyəti struktur bölmələrinin məsul vəzifəli əməkdaşları daxildir.
Apellyasiya Şurası Bakı şəhəri, M.Müşfiq küçəsi, 501-ci məhəllə ünvanında – Fövqəladə Hallar Nazirliyinin inzibati binasında fəaliyyət göstərəcək.