DÜNYA
Fransa Prezidenti Kubaya tarixi səfər edəcək
Bakı, 4 mart, AZƏRTAC
Fransa Prezidenti Fransua Olland Karib regionuna işgüzar səfəri çərçivəsində mayın 11-də Kubaya gələcək.
AZƏRTAC “Wall Street Journal”a istinadla xəbər verir ki, bu, Fransanın tarixində prezidentin Havanaya ilk səfəri olacaq. Fransa dövlətinin başçısı səfər zamanı Kuba ilə diplomatik əlaqələri qaydaya salmağa çalışacaq.
Kubadan sonra Fransua Olland indiyədək Fransaya məxsus olan adaya səfər edəcək.
Jurnal xatırladır ki, Fransua Ollandın “Azadlıq adası”na səfəri bu ölkənin kommunist rəhbərliyi ilə ABŞ arasında onilliklərlə davam edən düşmənçilik münasibətlərinin aradan qaldırılması istiqamətində səylərin gücləndirilməsi fonunda baş tutacaq. Bu həftə, həmçinin Avropa İttifaqının nümayəndələri münasibətləri yaxşılaşdırmaqla bağlı məsələləri müzakirə etmək üçün Havanaya yollanacaqlar. Tərəflər bir çox problemləri, o cümlədən insan haqlarının qorunması məsələsini müzakirə edəcəklər. Bu mövzu Kubanın kommunist rəhbərliyi üçün çox həssas, Avropa İttifaqı üçün isə prinsipial məsələdir.