İQTİSADİYYAT


Fransa ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Bakı, 19 may, AZƏRTAC

Mayın 19-da Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2017” və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2017” sərgilərində Fransa nümayəndə heyətinin tərkibində iştirak edən bu ölkənin regional kənd təsərrüfatı müşaviri Nikola Perrən ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Fransa ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Nazir müavini Azərbaycan ilə Fransa arasında siyasi, həmçinin kənd təsərrüfatı sahəsində əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin və keçirilən görüşlərin mühüm əhəmiyyətini vurğulayıb.

Kənd Təsərrüfatı Nazirliyinin Fransanın heyvandarlıq sahəsində təcrübəsinin öyrənilməsində maraqlı olduğunu diqqətə çatdıran İlham Quliyev bildirib ki, Avropadan Azərbaycana “Aqrolizinq” ASC-nin xətti ilə yüksək məhsuldar heyvan cinsləri gətirilir. Bu məqsədlə fransız şirkətləri də Azərbaycanda keçirilən tenderlərdə iştirak edə bilərlər. Göygöl rayonunda Respublika Süni Mayalama Mərkəzində törədici heyvanların toxumlarının cins mənsubiyyətini müəyyən edən laboratoriyanın qurulması nəzərdə tutulur. Laboratoriyanın müasir avadanlıqlarla təchizatında Fransa şirkətlərinin də iştirakı məqsədəuyğundur.

Nazir müavini toxumçuluq sahəsində də Fransa ilə əməkdaşlığı vacib hesab edib və nazirliyin kənd təsərrüfatı sahəsində Fransa ilə hərtərəfli əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb.

Fransanın regional kənd təsərrüfatı müşaviri Nikola Perrən Azərbaycanda keçirilən sərginin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. Qonaq səfər çərçivəsində nazirliyin heyvandarlıq şöbəsinin müdiri, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar və Baytarlıq Nəzarəti xidmətlərinin rəhbərliyi, “Aqrolizinq” ASC-nin sədri ilə görüşdüyünü, bu sahələr üzrə dolğun məlumat aldığını söyləyib. O, Azərbaycanda iqtisadi inkişaf, o cümlədən kənd təsərrüfatı sahəsində əldə olunmuş uğurları yüksək qiymətləndirərək, Fransa şirkətlərinin respublikamızda fəaliyyətinin genişləndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib və iki ölkə arasında aqrar sahədə əlaqələrin daha da genişlənməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.