DÜNYA
Fransada 200-ə yaxın vergi növü tətbiq olunur
Bakı, 20 may, Ramiz Quliyev, AZƏRTAC
Fransanı çox vaxt vergilər ölkəsi adlandırırlar. Bu heç də təəccüblü deyil. Dünyanın romantika mərkəzi sayılan Fransada 200-ə yaxın vergi növü tətbiq olunur.
AZƏRTAC Vergiler.az saytına istinadla bildirir ki, ölkənin hər bir vətəndaşının bu vergilər barədə məlumatlı olması vacibdir, çünki burada hər kəs ildə bir dəfə vergi bəyannaməsi doldurub müvafiq orqanlara təqdim etməlidir.
Fransada büdcə daxilolmalarının böyük hissəsi - təxminən 20 faizi əlavə dəyər vergisi (ƏDV) hesabına formalaşır. Kommunal xidmətlər, həyat üçün zəruri olan mallar, nəqliyyatın təmiri, mənzil şəraitinin yaxşılaşdırılması və tibbi preparatlar vergiyə cəlb olunur. Gəlir vergisini ödəmək fransızların həyatının bir hissəsini təşkil edir.
Burada gəlir vergisinin hesablanmasının xüsusi alqoritmi var. Belə ki, vətəndaşın yaşı, gəlir səviyyəsi, sosial vəziyyəti və ailə tərkibi nəzərə alınır. Fransada gəlir vergisinin dərəcəsi 0-45 faiz arasında dəyişir. Mürəkkəbliyinə baxmayaraq, bu sistem çox çevikdir və hər bir fransızın vəziyyətini nəzərə almağa imkan verir.