CƏMİYYƏT
Fransada Azərbaycanla bağlı növbəti radioveriliş yayımlanıb
Paris, 27 aprel, AZƏRTAC
Strasburqda fəaliyyət göstərən Azərbaycanla Mədəni Əlaqələr Cəmiyyətinin təşəbbüsü ilə hər ayın son həftəsində fransız dilində Azərbaycana həsr olunan veriliş yayımlanır.
Fransada və dünyanın əksər ölkələrində yayımlanan proqramın aprelin 26-da Azərbaycanla bağlı efirə gedən verilişi Prezident İlham Əliyevin Çanaqqala zəfərinin 100 illiyi ilə əlaqədar Türkiyədə keçirilən mərasimdə iştirakından bəhs edən xəbərlə başlayıb.
AZƏRTAC-ın materiallarından istifadə olunan verilişdə Fransa Prezidenti Fransua Ollandın Azərbaycana səfərinə də yer verilib. Görüşdə prezidentlərin müzakirə etdikləri məsələlər oxucuların diqqətinə çatdırılıb. Həmçinin Bakıda Fransız-Azərbaycan Universitetinə dair Niyyət Məktubunun imzalandığı qeyd edilib.
Verilişdə, həmçinin “Bakı-2015” ilk Avropa Oyunlarından bəhs edilib. Bildirilib ki, bu oyunları televiziya vasitəsilə təkcə avropalılar deyil, ABŞ, Kanada, Çin, Avstraliya və Cənubi Amerikanın bir çox ölkələrinin vətəndaşları da izləmək imkanı əldə edəcəklər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs olunan verilişdə Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyin Moskvaya səfəri zamanı səsləndirdiyi “Beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standartlar göstərməkdə davam edirlər” fikri xüsusi olaraq diqqətə çatdırılıb.
Verilişdə Fransa ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsindən də bəhs olunub və bu istiqamətdə hər iki ölkənin təhsil işçilərinin qarşılıqlı səfərlərinin önəmi diqqətə çatdırılıb.
İki saatlıq verilişdə Azərbaycan musiqisi səsləndirilib.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris