CƏMİYYƏT
Fuad Muradov: Sabitliyi pozmağa cəhd göstərənlərə qarşı ictimaiyyət də mübarizə aparmalıdır
Bakı, 27 noyabr, AZƏRTAC
Ötən gün paytaxtın Nardaran qəsəbəsində baş verən hadisələr bütün ölkə ictimaiyyətini, o cümlədən bizi sarsıdıb, ciddi narahat edib. İnsident zamanı ölüm halları baş verib. Bu barədə ölkə ictimaiyyəti məlumatlandırılır, hadisə mətbuatda işıqlandırılır. Açıq aşkar görünür ki, bunlar dinlə heç bir əlaqəsi olmayan hadisələrdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, parlamentin gənclər və idman komitəsinin sədri Fuad Muradov söyləyib.
Deputat deyib: “Nardaran sakinləri hər zaman dövlətçiliyin, müstəqilliyin qorunmasında fəal iştirak edib, qanunlara hörmətlə yanaşıblar. Ona görə də inanmıram ki, Nardaran camaatı ötən gün baş verən xoşagəlməz hadisələri törədənləri, polisə qumbara, güllə atan şəxsləri dəstəkləsin. Onlar polisə müqavimət göstərib, silah işlədib. Mən fikirləşirəm ki, müəyyən qüvvələr tərəfindən öyrədilən bu şəxslərin əməlləri Azərbaycanda sabitliyi pozmağa yönəlib. Təbii ki, hüquq mühafizə orqanları bunun qarşısını almaq üçün əməliyyat keçirib. Həmin əməliyyat zamanı iki polis əməkdaşı qəhrəmancasına həlak olub. Mən onlara Allahdan rəhmət diləyirəm”.
Həm Nardaran ağsaqqallarının, həm də qəsəbə ictimaiyyətinin bu hadisəyə obyektiv yanaşaraq, dövlətçilik əleyhinə yönəlmiş cəhdləri pisləyəcəklərinə əminliyini ifadə edən deputat deyib ki, bu cinayətin Nardaran sakinlərinə heç bir aidiyyəti yoxdur.
“Bu gün hər birimizin əsas arzusu Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır. Bizim başqa amalımız, məqsədimiz ola bilməz. Təəssüf ki, bəzi gənclərimiz müəyyən qara qüvvələrin əlində alət olur, onların çirkin oyunlarının iştirakçısına çevrilirlər. Belələrinə qarşı dövlətlə, hüquq mühafizə orqanları ilə yanaşı, ictimaiyyət də qətiyyətlə mübarizə aparmalıdır. Biz dövlətçiliyimizi, müstəqilliyimizi göz bəbəyi kimi qorumalıyıq. Bu işdə gənclər xüsusi fəallıq göstərməlidirlər. İnanıram ki, belə də olacaq.