DÜNYA
Futbol üzrə Avropa çempionatına cavabdeh olan şirkətlər vergidən azad edilə bilər
Bakı, 3 sentyabr, Ramiz Quliyev, AZƏRTAC
Fransa hökuməti UEFA və 2016-cı il Avropa çempionatının təşkilinə cavabdeh olan şirkətlərin vergilərini yüngülləşdirmək niyyətindədir.
AZƏRTAC Sports.ru saytına istinadla xəbər verir ki, hökumət, əlavə dəyər vergisi istisna olmaqla, bütün vergilərin, o cümlədən UEFA və onun fransız törəmə bölmələri üçün korporativ vergilərin ləğvinə hazırlaşır.
Bildirilir ki, bu addımın atılması turnirin gətirəcəyi iqtisadi fayda ilə bağlıdır. Turnir 2016-cı il iyunun 10-dan iyulun 10-dək Fransanın 10 şəhərində keçiriləcək. Qiymətləndirməyə əsasən, çempionatdan 900 milyon avro gəlir gözlənilir. Bu qazancın böyük hissəsi televiziya yayımı hüquqlarının satışının payına düşəcək.
UEFA güman edir ki, Avropa çempionatına 2,5 milyon azarkeş, o cümlədən xaricdən 1 milyon futbolsevər gələcək.