İDMAN
Futbol üzrə Azərbaycan və Kanada milli yığmaları yoldaşlıq görüşündən sülhlə ayrılıblar
Rorbax an der Lafnits, 3 iyun, AZƏRTAC
Avstriyada təlim-məşq toplanışında iştirak edən futbol üzrə Azərbaycan milli komandası bu gün Avstriyanın Rorbax an der Lafnits qəsəbəsində Kanada yığması ilə yoldaşlıq oyunu keçirib.
Saşa Amhofun rəhbərliyi ilə isveçrəli hakimlər briqadasının idarə etdiyi oyunun ilk hissəsində milli komanda rəqib qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaratsa da, topu çərçivədən keçirmək hücumçularımıza müyəssər olmayıb. İlk hissənin bitməsinə bir neçə dəqiq qalmış Kanada yığma komandası əks hücum imkanından yararlanaraq oyunda hesabı açıb. Matçda ilk qolu kanadalı Akindele Teşo vurub.
İkinci hissədə Azərbaycan millisi təşəbbüslərin sayını artırıb və 58-ci dəqiqədə Dimitri Nazarov penalti zərbəsini dəqiq yerinə yetirərək oyunda hesabı bərabərləşdirib. Oyunun sonunadək hesab dəyişməyib və yoldaşlıq görüşü 1:1 hesabı ilə başa çatıb.
Azərbaycan milli komandası mayın 23-dən iyunun 4-dək Avstriyada təşkil olunan təlim-məşq toplanışı çərçivəsində üç oyun keçirib. İlk oyunda Andorra millisi ilə bərabərə qalan (0:0) Azərbaycan yığma komandası ikinci yoldaşlıq görüşündə Makedoniya millisinə 1:3 hesabı ilə məğlub olmuşdu.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Rorbax an der Lafnits