REGİONLAR
Gədəbəydə rayonun sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələr müzakirə olunub
Gədəbəy, 13 fevral, Rauf Hacıyev, AZƏRTAC
Gədəbəy Rayon Mədəniyyət Mərkəzində 2015-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov bildirib ki, 2015-ci il Gədəbəy üçün uğurlu olub. Ölkəmizdə aparılan iqtisadi islahatlar rayonun sosial-iqtisadi inkişafına müsbət təsir göstərib.
Daha sonra Ramiz Yediyarov rayonda görüləcək işlər və qarşıda duran vəzifələrdən danışıb.
Hesabat yığıncağında Gədəbəy rayonu ərazisində sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, rayona sərmayələrin cəlb edilməsi, yerli sahibkarlara banklar tərəfindən güzəştli kreditlərin verilməsi, sənaye müəssisələrinin və iri taxılçılıq təsərrüfatlarının yaradılması ilə bağlı müzakirələr aparılıb. Rayonda gənclər evi və idman kompleksinin inşa edilməsi təklif olunub.
Prezident Administrasiyasının nümayəndəsi Əlibaba Əliyev və Milli Məclisin deputatı Sevinc Hüseynova çıxış edərək, respublikada sosial-iqtisadi inkişaf sahəsində əldə olunan uğurlardan, o cümlədən Gədəbəydə reallaşdırılan layihələrdən söz açıb, qaldırılan məsələlərlə bağlı fikirlərini bildiriblər.
Yığıncaqda müzakirə edilən məsələlərlə əlaqədar müvafiq qərar qəbul edilib.
Sonda Prezident İlham Əliyevə müraciət qəbul olunub.