CƏMİYYƏT
Gələcəyin kimya mütəxəssisləri “Petkim Petrokimya Holdinq”də təcrübə keçəcəklər
Sumqayıt, 29 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şırkətinin “Azərikimya” İstehsalat Birliyinin təşəbbüsü ilə “Yay təcrübəsi proqramı” həyata keçirilir. Proqramın məqsədi gələcəyin kimya mütəxəssislərinin təcrübi biliklərinin artırılması, onlarda kimya sənayesinin mürəkkəb istehsalatını idarə etmək vərdişlərinin aşılanmasıdır.
AZƏRTAC xəbər verir ki, “Azərikimya” İB-də artıq təcrübələrini başa vurmuş tələbələr Birlik rəhbərliyinin təşəbbüsü və dəstəyi ilə “Yay təcrübəsi proqramı” çərçivəsində avqustun 3-dən etibarən dörd iş həftəsi müddətində Türkiyənin İzmir şəhərində yerləşən və dünyanın ən nüfuzlu müəsissələrindən olan “Petkim Petrokimya Holdinq”də istehsalat təcrübələrini davam etdirəcəklər.
Qeyd edək ki, proqram çərçivəsində təcrübəyə Azərbaycan Dövlət Neft Akademiyasının, “Qafqaz” Universitetinin, Bakı Ali Neft Məktəbinin və Sumqayıt Dövlət Universitetinin kimya və kimya mühəndisliyi fakültələrinin bir qrup tələbəsi cəlb olunub. Onlar Birliyin Etilen-polietilen zavodunda iki iş həftəsi ərzində istehsalat təcrübəsi keçiblər.