İQTİSADİYYAT


Gəmiçiliyin Təlim Tədris Mərkəzi yenilənib

Bakı, 25 iyul, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) Təlim Tədris Mərkəzi yenilənib.

Gəmiçiliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təmirdən sonra yaradılan şəraitlə tanış olan AXDG-nin sədrinə yeniliklər barədə məlumat verilib. Qeyd edilib ki, artıq dənizçilər peşəkar bacarıqlarını artırmaq üçün Təlim Tədris Mərkəzində yaradılan elektron kitabxanadan yararlana biləcəklər. Təlim Mərkəzinin mühazirə auditoriyaları və əməkdaşların iş otaqları da təmir olunub. Bununla yanaşı, binada dinləyicilərin rahatlığı üçün kafeteri təşkil edilib.

AXDG-nin sədri Rauf Vəliyev təlim keçən dinləyicilərin imtahan prosesini də yaxından izləyib. Bildirilib ki, Təlim Tədris Mərkəzində imtahanlar elektron formatda, beynəlxalq konvensiyaların tələblərinə uyğun təşkil olunur. Təlimlərin sonunda imtahanı uğurla başa vuran iştirakçılara sertifikat verilir.

Daha sonra AXDG-nin sədri Təlim Tədris Mərkəzində üzən heyət üçün keçirilən təlimə qatılıb və dənizçiləri maraqlandıran sualları cavablandırıb. R.Vəliyev təlim iştirakçılarının diqqətinə çatdırıb ki, bu gün hər bir dənizçinin gəmilərdə tətbiq olunan yeni texnologiyalardan istifadə etmə bacarığı, dənizdə yarana biləcək istənilən çətin vəziyyətə hazırlığı vacib şərtlərdəndir. Bu baxımdan peşə vərdişlərinin təkmilləşdirilməsi üçün təşkil olunan kurslar mühüm rol oynayır.

R.Vəliyev bu günlərdə Böyük Britaniyanın nüfuzlu “The Nautical İnstitute” təşkilatı tərəfindən sertifikata layiq görülən Təlim Tədris Mərkəzinin Dinamik Mövqe Saxlama Simulyatoruna da baxış keçirib. Bu sertifikat “DP İnduction” və “DP Simulator” təlimlərinin keçirilməsinə şərait yaradır. Qeyd olunub ki, hazırda Təlim Tədris Mərkəzi dünyada “DP İnduction” və “DP Simulator” təlimlərinin keçirilməsinə səlahiyyəti olan 95 mərkəzdən biri, Azərbaycanda isə yeganə qurumdur.

Məlumat üçün bildirək ki, Dinamik Mövqe Saxlama Simulyatoru gəmi mövqeyini və gəminin istiqamətini saxlamaq üçün kompüter nəzarət sistemidir.

Xatırladaq ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Təlim-Tədris Mərkəzi 2014-cü ildən fəaliyyət göstərir. Burda gəmiçiliyin əməkdaşları ilə yanaşı, digər şirkətlərin nümayəndələri üçün də dənizçiliklə bağlı müxtəlif təyinatlı təlimlər təşkil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.