ELM VƏ TƏHSİL
Gənc doktorantın Mərakeşdə apardığı tədqiqatların nəticələri müzakirə olunub
Bakı, 21 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunda “Genbankların sənədləşdirilməsində informasiyanın idarə olunması, bitkilərdə faydalı əlamətlərin aşkar edilməsində və kolleksiyaların təhlilində istifadə edilən informasiya texnologiyaları” mövzusunda seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, seminarda bu elm müəssisəsinin doktorantı İlhamə Mirzəliyeva Mərakeşin paytaxtı Rabat şəhərində 12 günlük təlim və tədqiqat proqramında iştirakının nəticələri ilə bağlı çıxış edib.
Qeyd edilib ki, tədqiqatlar Rabatdakı Milli Aqrar Tədqiqatlar İnstitutunda (İNRA) Quraq Ərazilərdə Aqrar Tədqiqatlar üzrə Beynəlxalq Mərkəz (İCARDA) tərəfindən, Bitki Müxtəlifliyi üzrə Qlobal Etimad Fondunun (GCDT) maliyyə dəstəyi ilə həyata keçirilib.
İ.Mirzəliyeva biomüxtəlifliyin qorunub saxlanması və səmərəli istifadəsinə, səciyyələndirmə məlumat bazalarının yaradılmasına cəlb edilən müasir informasiya texnologiyalarının - coğrafi informasiya sistemləri - DİVA GİS və R-platform kimi proqram paketinin statistik təhlillərin aparılmasına tətbiqinin faydalarından və müvafiq proqram təminatının genbank idarəçiliyində informasiya xarakterli problemlərin araşdırılmasında verdiyi imkanlardan söz açıb.
Sonra gənc mütəxəssis seminar iştirakçılarının suallarını cavablandırıb, tədqiqatların nəticələri geniş müzakirə olunub.