MƏDƏNİYYƏT
Gənc kamança ifaçılarının Habil Əliyev adına I respublika müsabiqəsinin yekun konserti olub
Bakı, 25 may, Flora Şükürova, AZƏRTAC
Mayın 25-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gənc kamança ifaçılarının Habil Əliyev adına I respublika müsabiqəsinin yekun konserti olub.
AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl nazirliyin elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev çıxış edərək müsabiqənin əhəmiyyətindən danışıb.
Qeyd olunub ki, müsabiqənin keçirilməsində məqsəd respublikada kamança ifaçılığı sənətinin inkişaf etdirilməsi, gənc istedadların üzə çıxarılması və dəstəklənməsi, həmçi nin milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, məşhur kamança ifaçısı Habil Əliyevin xatirəsinin əbədiləşdirilməsidir. Gənc kamança ifaçılarının I respublika müsabiqəsinin birinci turu apreldə zonalar üzrə Bakı, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində və Ağcabədi, Goranboy rayonlarında, ikinci turu isə mayın əvvəlində Ağdaş şəhərində keçirilib. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət Xadimi Arif Əsədullayevin sədrlik etdiyi münsiflər heyəti 150 gənc kamança ifaçısının çıxışını qiymətləndirib. Münsiflər heyətinin qərarına əsasən Bakı, Gəncə, Şəki, Şirvan şəhər, Ağdaş, Ağstafa, Füzuli, Goranboy, Kürdəmir, Oğuz, Samux, Siyəzən, Şəmkir, Şuşa rayon uşaq musiqi və incəsənət məktəblərinin şagird və müəllimləri müsabiqənin müxtəlif dərəcəli diplomlarına, fəxri fərmanlarına və pul mükafatlarına layiq görülüblər.
Daha sonra gənc kamança ifaçılarının yekun konserti təqdim edilib.