CƏMİYYƏT
Gənc sərhədçilər Vətənə sədaqət andı içiblər
Bakı, 23 may, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) Şəmkir şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Еlçin Quliyеvin təbriki şəxsi heyətə çatdırılıb.
Tədbirdə çıxış edənlər IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi vaxta təsadüf edən andiçmə mərasimində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali diqqəti və dəstəyini, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sədri olduğu Təşkilat Komitəsinin rəhbərliyi ilə oyunların böyük uğurla kеçirilməsini, dövlətimizin beynəlxalq nüfuzunun güclənməsini, ölkədə idmanın inkişafı üçün ciddi əhəmiyyət kəsb etdiyini bildirərək qazanılmış möhtəşəm qələbələr münasibətilə gənc əsgərləri və onların valideyinlərini təbrik ediblər.
Mərasimdə müstəqil dövlətimizin banisi ulu öndər Heydər Əliyevin milli inkişaf konsepsiyasını uğurla davam etdirən, beynəlxalq aləmdə respublikamıza böyük hörmət və nüfuz qazandıran Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin mötəbər tədbirlərə layiqincə ev sahibliyi edə biləcək dövlətlərdən birinə çevrildiyi xüsusi vurğulanıb.
Tədbirdə iştirak edən valideynlər hərbi hissələrdə yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik еdərək onlara Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tapşırıblar.
Tədbir gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.