CƏMİYYƏT
Gənc sərhədçilər Vətənə sədaqət andı içiblər VİDEO
Bakı, 20 fevral, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı çatdırılıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıldığını, dövlət sərhədlərimizin toxunulmazlığının təmin olunması istiqamətində davamlı dinamik inkişafa nail olunduğunu qeyd edərək, müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərə müvəffəqiyyətlər arzulayıblar.
Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsinə təsadüf edən andiçmə mərasimində dəhşətli faciəyə siyasi və hüquqi qiymət verilməsi ilə bağlı ilk təşəbbüsün ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülməsi xüsusi olaraq vurğulanıb. Soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu nəticələr verdiyi, Azərbaycan xalqına qarşı törədilmiş bu hərbi cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymət alması məsələsinin dövlət siyasətinin mühüm istiqamətini təşkil etdiyi bildirilib.
Mərasimdə iştirak edən gənc əsgərlərin valideynləri yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, öz övladlarına Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tapşırıblar.
Tədbir gənc əsgərlərin tribuna önündən təntənəli marşla keçidi ilə başa çatıb.