CƏMİYYƏT
Gənc sərhədçilər Vətənə sədaqət andı içiblər VİDEO
Bakı, 1 avqust, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) Lənkəran və Göytəpə şəhərlərində yerləşən hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.
Tədbirlərdə çıxış edənlər yaradıcısı müasir müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyev olan və bu gün qurulmasının 14-cü ildönümü qeyd edilən Dövlət Sərhəd Xidmətinin sıralarına qatılmaları münasibətilə gənc əsgərləri və onların valideynlərini təbrik ediblər.
Milli sərhəd strategiyasının təməlini qoyan ulu öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunmasına xüsusi diqqət yetirərək DSX-nin yaradılması barədə tarixi qərarının ölkəmizin sərhəd mühafizəsi tarixində yeni mərhələnin başlanğıcı olduğu diqqətə çatdırılıb. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali diqqət və qayğısı sayəsində dövlət sərhədlərimizin mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıldığı, dövlət sərhədlərimizin toxunulmazlığının təmin olunması istiqamətində davamlı dinamik inkişafa nail olunduğu çıxışlarda xüsusi qeyd edilib.
Gənc əsgərlərin valideynləri yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik edərək Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.
Tədbirlər gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.