REGİONLAR
Gəncə: Gənclər bələdiyyə seçkilərinə inamla gedirlər
Gəncə, 20 dekabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatında dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində ilk dəfə səs verəcək seçicilər və partiya tərəfindən namizədlikləri irəli sürülmüş gənclərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, Milli Məclisin deputatları Rafiq Məmmədhəsənov və Xanlar Fətiyev, YAP Mərkəzi Aparatının məsul işçisi Rəfael Gülməmmədov, partiyanın Gəncə şəhər təşkilatı gənclər birliyinin sədri Fərid Dünyamalıyev və başqaları çıxış edərək son illər ölkəmizdə aparılan islahatlardan, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının yerinə yetirilməsində qazanılan uğurlardan, eləcə də əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıblar.
Bu siyasətin önündə Yeni Azərbaycan Partiyasının getdiyini vurğulayan natiqlər əminliklə qeyd ediblər ki, növbəti bələdiyyə seçkilərində də Azərbaycan vətəndaşları YAP-a etimad göstərərək ən layiqli namizədlərə səs verəcəklər.