REGİONLAR
Gəncə idmançıları Bədən Tərbiyəsi və İdman Gününü qazandıqları uğurlarla qeyd edirlər
Gəncə, 5 mart, AZƏRTAC
5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Gəncədə müxtəlif yarışlarda Azərbaycanı uğurla təmsil edən idmançılarla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov idmançıları əlamətdar gün münasibətilə təbrik edərək, onlara gələcək idman karyeralarında yeni uğurlar arzulayıb.
Məşqçi və idmançılar respublikamızda idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışaraq dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, onlar bundan sonra da Azərbaycanın üçrəngli bayrağını ən yüksək pillələrdə dalğalandırmaq üçün əllərindən gələni əsirgəməyəcəklər.
Görüşün sonunda Bolqarıstanın Sofiya şəhərində keçirilən beynəlxalq turnirdə iki erməni boksçusunu məğlub edərək, turnirin qızıl medalını qazanan Elvin İsayevə və onun məşqçisi Şahbaz Məmmədova idarənin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunub.