QAN YADDAŞI
Gəncəbasar bölgəsində 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb
Gəncə, 20 yanvar, Rauf Hacıyev, AZƏRTAC
Qanlı Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Gəncədə şəhidlərin əziz xatirəsi yad olunub.
AZƏRTAC xəbər verir ki, anım mərasimində 20 Yanvar faciəsi qurbanlarının, Azərbaycanın suverenliyi uğrunda həlak olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil qoyulub. Hərbi orkestrin ifasında Dövlət himni səsləndirilib. Şah Abbas Cümə Məscidinin axundu şəhidlərin ruhuna dualar oxuyub.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək 20 Yanvar faciəsini təkcə hüzn günü kimi yox, eyni zamanda, qürur və qəhrəmanlıq günü kimi dəyərləndirib. Qeyd edib ki, 20 Yanvar hadisələri xalqımızın mənliyinə, qüruruna, milli azadlıq ruhuna qarşı təcavüz idi. Lakin Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılan 20 Yanvar həm də Azərbaycan tarixində ən şanlı qəhrəmanlıq səhifəsidir.
Elmar Vəliyev vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Gəncə şəhərində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün lazımi şərait yaradılıb. Onların mənzil təminatı yaxşılaşdırılıb, problemləri aradan qaldırılıb.
Anım mərasimində çıxış edən şəhid anası Minayə Piriyeva, şəhid ailəsinin üzvü Gülsum Mustafayeva, II qrup Qarabağ müharibəsi əlili Qadir Zeynalov Qanlı Yanvar gecəsi baş verən hadisələri ürəkağrısı ilə xatırlayıb, Vətən uğrunda canını qurban verən şəhidlər ilə fəxr etdiklərini bildiriblər. Həmçinin dövlət tərəfindən şəhid ailələrinə göstərilən qayğıdan minnətdarlıqla bəhs olunub.
Mərasim Gəncə Dövlət Dram Teatrının aktyorlarının ifasında "Qan yaddaşı" adlı tamaşa ilə davam edib.
Şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən şəhid məzarları ziyarət olunub, gül dəstələri düzülüb. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhid ailələri ilə görüşüb, onların problemləri ilə maraqlanıb.
X X X
20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar Naftalan şəhərində faciə qurbanlarının xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə “Xatirə kompleksi” ziyarət olunub, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının abidəsi önünə əklil və gül dəstələri qoyulub.
Anım mərasimində şəhidlərin xatirəsinə dualar oxunub.
X X X
20 Yanvar şəhidlərinin xatirəsi Daşkəsən rayonunda da dərin ehtiramla yad edilib.
AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyətinin iştirakı ilə Daşkəsəndəki Şəhidlər xiyabanında keçirilən anım mərasimində əbədi məşəlin önünə əklil qoyulub, şəhid məzarları ziyarət olunub.
Mərasim Mədəniyyət Mərkəzində davam etdirilib. İştirakçılar mərkəzin foyesində məktəblilərin 20 Yanvar faciəsinə həsr olunan rəsm sərgisinə baxıblar.
Rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev çıxış edərək 20 Yanvar faciəsindən söz açıb. Bildirib ki, 1990-cı il yanvarın 20-də sovet ordusu tərəfindən Azərbaycan xalqına qarşı misli görünməmiş vəhşilik törədilib. Buna baxmayaraq, həmin gün xalqımızın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub.
Tədbirdə rayon mədəniyyət işçilərinin və məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya və 20 Yanvar faciəsindən bəhs edən film nümayiş etdirilib.
X X X
Samux və Goranboy rayonlarında da 20 Yanvar faciəsinin 27-ci ildönümü qeyd edilib.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirlərdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ruhlarına dualar oxunub.
Sonra şəhid məzarları ziyarət olunub, üzərinə tər qərənfillər düzülüb.